Metroda gedişhaqqı azaldılır? – Tarif Şurasının qərarı ilə…


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində köhnə rəhbərliyin dövründə gediş haqqının süni şəkildə şişirdildiyi üzə çıxıb. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə çıxır ki, əgər qiymət süni şəkildə artırılıbsa, o zaman yenidən azaldıla bilər.

Bəs aidiyyəti qurum buna gedəcəkmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Hesablama Palatasının açıqladığı faktlar çox təsirlidir.

Onun fikrincə, gələcəkdə belə halların təkrarlanmaması üçün aidiyyəti qurumlar tərəfindən önləyici addımlar atılmalıdır:

“Yalnız metroda deyil, digər istənilən qurumda da belə hallarla rastlaşan zaman bunun qarşısını almaq üçün adekvat addımların atılması zəruridir. Gediş haqqının artırılması məsələsinə gəldikdə isə, “Bakı Metropoliteni” QSC bununla bağlı müəyyən vaxtlarda bir neçə dəfə Tarif Şurasına (TŞ) müraciət etmişdi. Sonuncu qiymət artımında artıq 50 qəpik təyin olundu. Bu da təbii ki, TŞ-nın qərarı ilə olur. Tarif Şurasında da məsələyə baxılır, aidiyyəti qurumla razılaşdırılır”.

aslan esedov

Aslan Əsədov

A.Əsədov deyib ki, bundan sonra qiymətin endirilməsi çətin məsələdir:

“Çünki qarşıda 10 metro stansiyanın tikintisi nəzərdə tutulur. Bunlar da dövlət dotasiyaları hesabına həyata keçiriləcək. Burada qarşıda duran məsələlərdə daha çox maliyyənin tələb olunduğu üçün qiymətlərin enməsi Tarif Şurasından asılı bir qərardır. Digər bir məsələ isə hər hansı güzəştin tətbiq oluna bilməsi ilə bağlıdır. Biz də cəmiyyət olaraq gözləyirik ki, müəyyən şəxslərə güzəştlər olunsun. Belə olduğu təqdirdə vətəndaşlarımız da məmnun qalar”.


MANŞET XƏBƏRLƏRİ