Azərbaycanda yeniyetmə qız falçının proqnozlarından sonra psixi xəstəliyə tutulub.
Turkustan.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.
Qeyd olunub ki, sığınacağa gətirilən qadın 17 yaşında falçıya gedib və falçının sözlərindən sonra onda psixi pozuntular meydana gəlib:
"Sığınacağa ötən gün bir xanım gətirilib. Xanım 2-3 gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün günü ağlamağa çalışır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülməyə başlayır. Narahat olub qadını müayinə üçün xəstəxanaya göndərdik. Nəticədə, qadında şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu.
Bu gün qohumlarının gəlib danışdıqları isə tamamilə başqa bir mövzudan bəhs edirdi. Bildirdilər ki, qadın 17 yaşına qədər tamamilə normal olub. Lakin 17 yaşında falçıya gedib. Falçı ona deyib ki, “sizin evdə iki qara çadır görürəm”. Qadın bu sözlərdən sonra evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib.
Hazırda qadını sığınacaqda saxlamaqda çətinlik çəkirik və onu müalicə üçün xəstəxanaya yerləşdirməyə çalışırıq".