Mərkəzi Bank özəl pensiya fondlarının yaradılması prosesi ilə bağlı bir sıra detalları açıqlayıb.
Qurumdan bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilib və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb:
"Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır".
Açıqlamada deyilir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Qurum bildirib ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur:
"Şəffaflıq və maliyyə sabitliyinin təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək.
Digər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır". Yeni yaradılacaq özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı müsahibimiz iqtisadçı-ekspert Əkrəm Həsənovdur:
-Özəl pensiya fondu Dövlət Sosial Müdafiə Fondundan nə ilə fərqlənəcək və hansı üstünlüklər yaradacaq?
-Bu gün yalnız Dövlət Sosial Müdafiə Fondu (DSMF) var və hamının gəlirindən, maaşından həmin fonda icbari sığorta haqqı ödənilir. Onun əsasında da vətəndaşların pensiya kapitalı formalaşır. Müəyyən vətəndaşlar üçün qayda eynidir. Yəni dövlət məmurları üçün bir cür, özəl sektorla bağlı başqa cürdür. Nəticədə dövlət məmurlarının pensiyaları özəl sektorda çalışanlardan daha çox olur. Pensiya yaşı çatana qədər həmin kapitala toxunmaq olmur.
Vətəndaş vəfat etdisə, pensiya kapitalı batır. Yalnız onun himayəsində olan, yaxud həyat yoldaşının pensiyası ölən şəxsin pensiyasından azdırsa ancaq xərc verilir. Bugünkü reallıq belədir. Bəzən vətəndaşlar şikayətlənir ki, niyə mən pensiya yaşına qədər gözləməliyəm, niyə pensiya kapitalından istifadə edə bilmirəm? Mənim pensiyam niyə batmalıdır, ailəmə verilsin. Özəl pensiya fondları bundan fərqlənməlidir. Hər bir vətəndaşa imkan verilməlidir ki, seçim etsin. Əgər özəl pensiya fondunun şərtləri DSMF-dən vətəndaşın xeyrinə fərqlənməyəcəksə, o zaman o, özəl pensiya fonduna getməyəcək.
Özəl pensiya fondunun təminatı yoxdur. O, adi bir şirkətdir, bağlana, müflis ola, pulumuz orda bata bilər. Pensiya fondu vətəndaşın pulunu harasa yerləşdirəcək., biznesə qoyacaq, qazanc əldə edəcək. Bu da riskdir. Məsələn, bu gün vətəndaş gedib banka əmanət qoyur, həmin vəsaiti kassada saxlamırlar. Onu kiməsə borc verir, kredit verir, qiymətli kağızlar alır. Buna görə də riskdir, batıra bilər.
Buna görə də Mərkəzi Bank banklar üzərində nəzarəti həyata keçirir ki, banklar vətəndaşın pullarını kiməsə necə gəldi verməsinlər. Nəzarət də çox vaxt səmərəli olmur. Nəticədə bu gün bir neçə bank bağlanıb. Özəl pensiya fondu da eynilə müflis olub bağlana bilər. Buna görə də gərək daha sərfəli şərtlər təklif etsin ki, vətəndaş ora ödəniş etsin. Özəl pensiya fondu vətəndaşa desə ki, sən ölsən də sənin pensiya kapitalın batmayacaq, ailənə verəcəyik, o zaman xeyli vətəndaş gedib vəsaitini bu fonda qoya bilər.
-Siz şəxsən özəl pensiya fonduna vəsait ödəyərsiniz?
-Düşünürəm ki, özəl pensiya fondu belə qısa müddətdə yaradılmayacaq. Mərkəzi Bank deyir ki, hələ onun üzərində işləmək lazımdır. İkincisi, mən düşünmürəm ki, Azərbaycanda bir neçə özəl pensiya fondu olacaq. Reallaşarsa, bir fond olacaq ki, o da inhisarçı olacaq. “Kredit büroları haqqında” Qanun var və reallıqda bir büro var. Özəl pensiya fondu da çox olmayacaq. Şəxsən mən özəl pensiya fonduna hətta ən sərfəli şərtləri təqdim etsə belə, pulumu yerləşdirmərəm. Çünki Azərbaycanda nəzarət və xüsusilə də müflisləşmədən sonra şəffaflıq yoxdur. Biz bunu banklardan görürük.
Ancaq banklarla bağlı deyirlər ki, vətəndaşların əmanətləri kompensasiya olunur. Kompensasiya olunsa da, dövlət yox, sahibkarların hesabına olunur. Sahibkarların pulu o banklarda batır, o pulu heç kim qaytarmır. Əmanətlərin Sığortalanması Fondu da bunu qeyri-şəffaf həyata keçirir. Mən əgər banka 1, 2 illik qoyduğum pula görə əmin ola bilmirəmsə, ömürlük pulumu gedib hansısa pensiya fonduna qoya bilmərəm.
Məndən sonra, yaxud qocalanda nə olacağını bilmirəmsə, mövcud vəziyyətdə heç bir pensiya fonduna etibar etmərəm. Əgər bu şərtlər nə vaxtsa dəyişsə, onda fikirləşmək olar.
-Vətəndaş DSMF-yə ödəniş edirsə, həmin ödənişi dayandırıb artıq özəl pensiya fonduna ödəməyə ixtiyarı varmı?
-Özəl pensiya fondu yaransa, o zaman seçim edilməlidir ki, pulu hər ay DSMF-yə, yoxsa özəl pensiya fonduna edəcək. Kim ki, özəli seçəcək, o, artıq dövlətə vəsait ödəməyəcək. Pensiyası özəl pensiya fonduna yığılacaq. Pensiyaya çıxanda da ona özəl pensiya fondu pensiya verməlidir. Ancaq birdən özəl pensiya fondu bağlansa, müflis olsa vəsaiti batır.
O zaman vətəndaş dövlətdən pensiya tələb edə bilməyəcək. Bunu gərək vətəndaşlar bilsin ki, vaxtilə seçimi özü edib. Bu baxımdan da özəl pensiya fondları gərək elə təkliflər etsin ki, insanları şirnikləndirə bilsin. Şərtlər daha sərfəli olmalıdır ki, ixtiyarı varmı ki, vətəndaş DSMF-dən özəl pensiya fonduna getsin.
-O zaman vətəndaşın indiyə qədər DSMF-yə etdiyi ödənişlərin taleyi necə olacaq?
-Bu barədə hələ heç nə elan edilməyib. Mən ehtimal edirəm ki, qanunda belə bir keçid müddəaları olmalıdır. Yəqin qanunda yazılacaq ki, indiyədək vətəndaş DSMF-yə vəsait ödəyibsə və indi özələ keçmək istəyirsə, o zaman DSMF onun pulunu tam olaraq özəl pensiya fonduna köçürsün. Əks halda, bunun heç bir mənası olmayacaq.
Məsələn, mən 25 yaşımdan işləyirəm və istəyirəm ki, özəl pensiya fonduna keçim. Təbii ki, mənim indiyədək yığılan vəsaitim özəl fonda köçürülməlidir. Ola bilməz ki, bir hissəsi burada, digər hissəsi orada qalsın.
Yəqin ki, bu, qanunda tənzimlənəcək. Hələlik qanunvericilik aktı yoxdur. Özəl pensiya fondu yaxın illərdə olmayacaq, hər il bu barədə danışırlar, reallıqda isə yoxdur. İnsanlarımızın özəl pensiya fondunu seçəcəyi hələ sual altındadır.
-İşsizlər, gələcəkdə ancaq yaşa görə pensiya alacaq şəxslər özəl pensiya fonduna vəsait yatıra biləcəklərmi?
-Görək bu barədə qanunda nə yazılacaq. Hələ ki, bunu bilmirik. Evdar qadın, yaxud işləməyəm şəxs ömrü boyu DSMF-yə heç bir ödəniş etməsə də, onun yaşa görə pensiyasını DSMF ödəməlidir. Özəl fonddan nəsə tələb edə bilməz. Həmin şəxs özəl pensiya fonduna ödəniş etməkdənsə, elə banka əmanət qoysa yaxşıdır ki, üstünə faiz gəlir.
- Bir zamanlar ölkədə fəaliyyət göstərib, sonra müflisləşən banklar kimi özəl pensiya fondu da müflisləşərsə, yaxud rəhbərliyi xarici ölkəyə gedərsə, vətəndaşların vəsaitinin taleyi necə olacaq?
-Son illər Azərbaycanda 20-dən çox bank bağlanıb. Vətəndaşların vəsaiti bir halda konpensasiya edilir ki, sığortası var. Ancaq sahibkarların pulları batır. Özəl pensiya fondlarında da bu məsələnin, təminatın necə olacağı bilinmir. Hələ ki, bu suallara cavab yoxdur. Ona görə də Azərbaycan şəraitində özəl pensiya fonduna etibar etməzdim.
Çünki bizdə maliyyə sistemində çalışan bankların, sığortaçıların çoxunun qanunsuz işlədiyini bilirəm. Sonra onların əməlləri ört-basdır edilir. Belə şəraitdə ömrüm boyu qazandığım pulu gedib öz əlimlə niyə ora verim? Burada bir məsələ də var ki, pensiya kapitalı devalvasiyanı nəzərə almır. Bizim ödədiyimiz pulun qiyməti də pensiya yaşına qədər “ölür”. Yəni 10 il bundan öncəki 1 manat indiki 1 manat deyil. Bunlar Azərbaycan pensiya sisteminin zəif cəhətlərindəndir. /Cebheinfo.az/