Son günlər metro çıxışlarında və bazarlarda ucuz toyuqların satışı yenidən başlayıb. Həmin toyuqların biri 3 manata və yaxud 3 ədədi 10 manata satılır. Həmin toyuqların üzərində heç bir məlumat olmur. Soruşanda isə onları “kənd toyuğu” kimi təqdim edirlər. Halbuki, kənd toyuqlarının biri ən azı 12-13 manata təklif olunur.
Bəs, bu qədər ucuz toyuqlar haradan tədarük edilir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, əmtəə bazarında 3 manata olan toyuqlar neçə illərdir ki, mövcuddur:
“Belə satışlar xüsusən bu aylarda daha da genişlənir. Bildiyimiz kimi, broylerlərdə toyuqlar 2 məqsədlə saxlanılır. Birincisi yumurtalıq, digəri isə ətlik istiqamətində. Damazlıq toyuqlar bir müddətdən sonra yumurtadan kəsilir. Belə vəziyyətdə sahibkarlar həmin toyuqları kütləvi şəkildə ətlik istiqamətinə yönləndirirlər.
Lakin həmin toyuqların əti çox bərk olur. Ona görə də belə toyuqlar ya kolbasa istehsalına yönləndirilir, ya da paketlənməmiş şəkildə istehlak bazarına çıxarılır. Çox zaman bu toyuqları “kənd toyuğu” adı ilə təqdim edirlər. Çünki onların ətləri çox bərk olur”.
Müsahibimiz qeyd edib ki, bəzən broylerlərdə hansısa xəstəlik üzündən toyuqlar kütləvi şəkildə məhv olur:
“Belə hallarda bəzi işbazlar həmin toyuqları məhv etmək əvəzinə çox ucuz qiymətə bazara çıxarırlar. Bu toyuqlar əsasən kiçik olur, çəkisi də az gəlir. Çox təəssüf ki, belə hallara müvafiq qurumlar, xüsusən də AQTA nəzarət etmir”.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istər ölkəyə idxal edilən, istərsə də yerli istehsal olunan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:
"Bütün qida məhsulları, eləcə də qeyd olunan məhsullar yüksəkriskli qida məhsulları hesab olunduğu üçün daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə idxal olunduqda müvafiq ekspertizalardan keçirilir. Eləcə də qida zənciri boyunca satış və ticarət şəbəkələrində Agentliyin müfəttişləri tərəfindən risk əsaslı yanaşma tətbiq edilməklə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Yalnız analiz nəticələri normativ tələblərə cavab verən məhsulların satışına icazə verilir.
Həmçinin vətəndaşlardan daxil olan müraciətlər və mediada yayımlanan məlumatlar əsasında da yoxlamalar aparılaraq qanunauyğun tədbirlərin görülməsi təmin edilir.
Əlavə edirik ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.
Vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edərək və ya daha asan yolla mobil telefonlarından “E-Qidam” tətbiqi vasitəsilə məlumat verə bilərlər".