Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin


Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricilərə əsasən, hər 2 cütlükdən biri evliliklərinin 1-3-cü ilində ayrılıq qərarı verir. Boşanmaların kökündə müxtəlif səbəblər olsa da, proses zamanı tərəflər arasında bir sıra anlaşılmazlıqlar özünü göstərir. Bunların başında isə mülklərin bölünməsi və aliment məsələsi dayanır.

Ölkəmizdə nikah müqaviləsi ilə bağlı praktika olmadığından tərəflər boşanan zaman əmlak bölgüsündə ciddi problem yaşayırlar.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, nikah müqaviləsi təkcə əmlakla bağlı deyil, evlilik sonrası tərəflərin üzərinə götürdüyü məsuliyyətləri də özündə ehtiva edir:

“Ümumiyyətlə, nikah müqavilələri mülki hüquqi müqavilə sayılır və ərlə arvadın həm nikahdan öncə, həm nikah dövründə, həm də nikahdan sonrakı əmlak vəziyyətini tənzimləyir. Burada tərəflərin hər ikisinin fərdi gəlirləri nəticəsində əldə olunan əmlakların nikah pozulduqdan sonra və yaxud davam etdiyi müddətdə kimin mülkiyyətində necə qalacağı müəyyən edilir. Təkcə əmlak münasibətləri deyil, eyni zamanda, nikahdan sonra tərəflərin üzərinə götürdüyü davranışlar qaydası da müəyyən olunur”.

Hüquqşünas qeyd edib ki, indiki şəraitdə nikah müqaviləsinin imzalanması mütləqdir:

“Əmlak dedikdə isə burada həm daşınan, həm də daşınmaz əmlak, o cümlədən, qızıl-zinət əşyaları, fərdi əşyalar və vərəsəlik qaydasında keçən əmlakla bağlı da tərəflər öz üzərlərinə öhdəlik götürə və ya hüquqlar müəyyən edə bilərlər. Ona görə də nikah müqavilələrinin təşviqi lazımdır. Vətəndaşlar mütləq şəkildə nikaha girən zaman bu müqavilələri bağlamalıdır”.


MANŞET XƏBƏRLƏRİ