Bank sektorunda YENİ QAYDA – Bəzi müştərilər aşağı faizlə kredit götürə BİLƏCƏK


Xəbər verdiyimiz kimi, Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.

Bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.

Davranış modeli nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, davranış modelinin qəbulundan sonra banklar kredit verərkən artıq əvvəlki tək bütün müştərilərə eyni münasibət sərgiləməyəcəklər:

“Nəticədə bəzi müştərilərə münasibətdə kredit şərtləri asanlaşa bilər. Ötən ilin dekabrında Mərkəzi Bank bankların kredit risqlərinin tənzimlənməsi qaydalarına dəyişiklik edib. Bu fonda bankların üzərinə öhdəlik qoyulub ki, kredit fəaliyyətləri üzrə davranış modeli adlı sənədi təsdiqləsinlər. Hələlik həmin davranış modelinin özü yoxdur. Ona görə də davranış modelinin hansı formada olacağını indidən demək çətindir. Çünki hələlik heç bir bank onu təsdiqləməyib.

Bu səbəbdən söhbətin nədən getdiyi haqda yalnız ehtimal irəli sürmək olar.

Mərkəzi Bank banklar üzərində ona görə nəzarət edir ki, onlar kredit verərkən ehtiyatlı davransınlar. Çünki banklar öz pullarını deyil, əmanətçilərin pulunu verir. Kommersiya bankları məsələn orta məktəb müəllimlərinə onların rəsmi gəlirlərinə nisbətən daha çox kredit verir. Mərkəzi Bank da görür ki, digər sahədə çalışanlara buna nisbətən daha az verir. Belədə, Mərkəzi Bank həmin bankların kredit siyasətini riskli hesab edir. Kommersiya bankları da bu zaman izah edir ki, məsələn orta məktəb müəllimlərinin gəlirləri ancaq maaşdan ibarət deyil”.

“Bəzi şəxslər daha aşağı faizlə kredit ala bilər”

İqtisadçı deyir ki, Mərkəzi Bank da bu fonda aralarında problem yaranmaması üçün banklardan müştərilərə fərqli şərtlərlə yanaşmaqla bağlı davranış modelinin təsdiqlənməsini tələb edir:

“Onu da deyim ki, hər bir bankın öz davranış modeli olacaq. Bu isə son nəticədə bankların daha çevik kredit siyasəti həyata keçirməsinə xidmət edir. İndiki halda, onlar bütün müştərilərə eyni gözlə baxmalı olduqları halda, davranış modelinin qəbulundan sonra artıq hamıya eyni gözlə baxmayacaqlar. Yəni ehtimala görə müştərilərin xüsusiyyətlərini nəzərə alaraq baxacaqlar. Bu isə bəzi müştərilər üçün kredit şərtlərinin asanlaşmasına, onlara daha aşağı faizlə verilməsinə gətirib çıxara bilər”.


MANŞET XƏBƏRLƏRİ