Ev almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə qiymətlər bahalaşacaq


Bakıda mənzil qiymətlərində artım müşahidə edilir. Əhali tez-tez qiymətlərin dəyişməsi ilə bağlı narazılığını bildirir.

Ekspertlər bunun bir sıra amillərdən asılı olaraq dəyişdiyini deyir, əsasən də mənzilin yerləşdiyi ərazi, sahəsi, otaq sayı, tikili növü (yeni və ya köhnə tikili) və təmir vəziyyəti qiymətlərə təsir edir.

Qeyd etmək lazımdır ki, mənzilin yerləşdiyi ərazi qiymətə əhəmiyyətli dərəcədə təsir edir. Mərkəzi rayonlarda və metro stansiyalarına yaxın ərazilərdə mənzillərin qiymətləri adətən daha yüksək olur. Əlavə olaraq, mənzilin təmir vəziyyəti və binanın infrastrukturu da qiymətə təsir edən mühüm amillərdəndir. Təmirli və müasir infrastruktura malik binalarda mənzillərin qiymətləri daha yüksəkdir. Misal üçün, Yeni Günəşlidə 65 m² sahəsi olan 2 otaqlı mənzil 130 min manata təklif edilir. Yeni Yasamalda isə yeni tikili, 110 m² sahəsi olan 3 otaqlı mənzil 238 min manata təklif edilir. Binəqədi rayonunda yeni tikili binada sahəsi 103 m² olan və çıxarışı olmayan 3 otaqlı mənzil 270 min manata satılır. Əvvəldə qeyd etdiyimiz kimi, Bakının mərkəzinə doğru qiymətlər daha da yüksəlir. Ümumiyyətlə, hazırda Bakıda yeni tikili binalardan kvadratı 1800-1900 manatdan aşağı mənzil tapmaq mümkün deyil.

ELNUR SON.jpg (53 KB)

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, 2025-ci ildə daşınmaz əmlak bazarında qiymətlər daha da qalxacaq:

“Buna səbəb qiymət artımları daha çox paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin qalmaması ilə bağlıdır. Tikinti şirkətləri artıq yeni bina inşa edərkən digər çoxmənzilli binaları sökərək onların yerində yeni binalar inşa edirlər. Bu da öz növbəsində tikinti xərclərini artırır”.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb. Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb. Bu da daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə təsir edib.


MANŞET XƏBƏRLƏRİ