Bu xidmətlərə görə ödənişlər artırıldı - Rəsmi


Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ödənişin məbləğləri tənzimlənib.

Turkustan.az xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.

Bildirilib ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ