“2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 400 manat olacaq. Minimum pensiyamız isə 14 faiz artacaq və 280 manatdan 320 manata çatacaq. Bu iki rəqəmi 2019-cu illə müqayisə etsək deməliyik ki, minimum əmək haqqı ölkə üzrə 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artmış olacaq. Bu, kiçik tarixi dövrdə atılmış böyük addımların göstəricisidir”.
Turkustan.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artımı yalnız minimum əməkhaqqı alan insanlara şamil olunmur: "Bu eyni zamanda dövlət sektorunda vahid tarif cədvəli üzrə əməkhaqqı alan insanların da məvacibinə təsir edir.
Çünki vahid tarif cədvəli üzrə ilk pillə 345 manatdan 400 manata dəyişdikdə digər pillələrdə də dəyişikliklər baş verir. Üst pillə əməkhaqları da dəyişəcək və özəl sektorda da əmək bazarında da pilləvi olaraq əməkhaqlarının ciddi artımı təmin ediləcək.
Digər tərəfdən nəzərə alsaq ki, bu gün nisbətən aşağı əməkhaqqı olan sahələr əsasən vahid tarif cədvəli üzərindən əməkhaqqı alırlar və o istiqamətlərdə daha çox xanımlarımız çalışır, vahid tarif cədvəlinin artması eyni zamanda xanımlarla kişilər arasında əməkhaqqı fərqinin azalmasına ciddi töhfə verəcək. Çünki vahid tarif cədvəli öncə həm təhsil, həm sosial, həm səhiyyə sahələrini əhatə edir və ənənəvi olaraq bu istiqamətlərdə xanım işləyənlərimizin sayı daha çox olur, bu, paritetin təmin olunmasına da dəstək verəcək”.