Dövlət qulluğunda çalışanlara hansı təminatlar verilir? – CAVAB


Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu dövlət qulluğunda çalışanların sosial təminatları ilə bağlıdır.

Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

Dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;

Lazımi qulluq şəraiti;

Haqqı ödənilən məzuniyyət;

Dövlət qulluqçularının icbari tibbi sığortası;

Müvafiq istiqamət üzrə əlavə təhsil alma;

Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

Pensiya təminatı və dövlət sosial sığortası;

Qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

İcra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

Dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

Dövlət qulluqçusu “Dövlət Qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər.

Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir.

Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycanın ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.

Dövlət məvacibi:

Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycanın müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçularının vəzifə maaşlarına qanuna müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.

Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə prezidentin müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir.

Qeyd olunan müddəalar Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.

Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydasının təsdiq edilməsi barədə prezidentin fərmanına əsasən:

Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.
Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

Əlavə haqq qulluq stajı 1 ildən 5 ilə qədər olduqda 5% ,

5 ildən 10 ilədək olduqda 10 % ,

10 ildən 15 ilə qədər olduqda 20 % ,

15 ildən artıq olduqda isə 30% faiz miqdarda hesablanır.


MANŞET XƏBƏRLƏRİ