Ölkə qanunvericiliyinə görə, sosial müavinət kimi təyin edilən ödənişlərdən biri də dəfn üçün nəzərdə tutulandır.
Turkustan.az xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün birdəfəlik sosial müavinət aşağıdakı şəxslər üçün verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər;
- Aktiv VÖEN-i olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayanlar.
Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir. Bəzi hallarda ölümün təsdiqlənməsi məhkəmə yolu ilə aparılır və bu proses bir neçə ay davam edə bilir.
Maraqlıdır ki, dəfn pulunu almaq üçün zaman məhdudiyyəti var?
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, dəfn pulu müraciətetmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə ödənilir.
Xatırladaq ki, hazırda bu məbləğ 820 manat təşkil edir. Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.