Şagirdlərə ictimai nəqliyyatdan güzəştli istifadə üçün kartlar VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA


Ölkədə ictimai nəqliyyatdan istifadə edən şagirdlərin sayı heç də az deyil. Təbii ki, bu da onların ictimai nəqliyyata müəyyən qədər pul xərcləməsinə səbəb olur. Bununla bağlı həm şagirdlərin, həm də valideynlərin xüsusi narazılığı var.

Bizim.Media-ya danışan valideyn Nərminə Novruzlu deyir ki, onun iki övladından biri tələbə, digəri isə hələ məktəblidir.

Övladı hər gün məktəbə və hazırlıqlara getdiyi üçün gündə təxmini 2 manat ictimai nəqliyyata, əlavə olaraq isə 3 manat da qidaya xərcləyir. Yəni, bir şagirdin günə 5 manat xərci çıxır.

Xatırladaq ki, ölkəmizdə müəyyən sahələri, o cümlədən, nəqliyyatı əhatə edən “TələbəPlus” kartları tətbiq edilməyə başlayıb. Həmçinin təhsil işçiləri üçün də belə güzəştləri əhatə edən kartlar hazırlanacaq.

Bu baxımdan valideynlərə maraqlıdır ki, belə güzəştlər şagirdlər üçün də tətbiq edilə bilərmi?

Bizim.Media məsələylə bağlı sabiq təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib:

Misir Mərdanov da bu güzəştlərdən şagirdlərin də yararlanmasının tərəfdarıdır:

“Şagirdlər üçün də belə güzəştlər olsa, yaxşı olar. Həmçinin, məktəblərdə şagirdlərə pulsuz yemək verilməsi məsələsini də düşünmək olar”, - deyə sabiq nazir qeyd edib.

Təhsilin İnkişafı Fondun Layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə saytımıza açıqlamasında bildirib ki, şagirdlərə belə güzəştlərin verilməsiylə bağlı heç bir müzakirə aparılmayıb.

“Şagirdlərə belə kartların verilməsiylə bağlı ümumiyyətlə danışıqlar aparılmayıb. Çünki bildiyimiz kimi, bütün prosesi birdən-birə etmək çox çətindir”.

Qurum rəsmisi müəllimlərə və tələbələrə yeni təhsil kartlarının verilməsi barədə də danışıb:

“Müəllimlər üçün təhsil kartı barədə hələki danışıq üzərində plan gedir. Bununla bağlı rəsmi müqavilə, sənəd yoxdur, sadəcə danışıqlar var.

Kartların verilməsi prosesinə pilot olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin tələbələrindən başladıq.

Digər dövlət və özəl qurumlardan könüllü şəkildə müraciət edənlərin müraciətlərinə baxılır, onların da tələbələri qoşulur. Növbəti mərhələdə sadəcə ali təhsil müəssisələrinin yox, kolleclərdə və peşə məktəblərində oxuyan tələbələrin də cəlb olunması nəzərdə tutulur. Müəllimlərlə bağlı məsələ isə sadəcə müzakirə mərhələsindədir, müvafiq addımlar atılmayıb”, - deyə qurum rəsmisi əlavə edib.


MANŞET XƏBƏRLƏRİ