Paşinyanın “strateji saziş” açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır. Erməni baş nazir bildirir ki, Azərbaycan və Ermənistan dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır. Və əlavə edir ki, bu strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanır.
Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını – istəklərini tam ifadə etmədiyindən xəbər verir. İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var:
1. Kommunikasiyanın “suveren prinsiplərə” uyğun açılması – Zəngəzur dəhlizinin verilməməsi;
2. Sərhədi SSRİ dağılanda mövcud olan xətlərə - hazırki Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirmək.
Ermənistanın sülh sazişində hər iki hədəfə nail olmaq cəhdləri baş tutmadı, hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanılıb. Birinci məsələdə - kommunikasiyanın açılmasında “ortaq məxrəcə” gəlmək mümkünsüz deyil, misal üçün, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər, istisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da mövcuddur. İkinci məsələ Ermənistan üçün “mövcudluq” prinsipi daşıyır: Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin Paşinyanın dediyi kimi, “kadastrı” olmayacaq.
Nikol indiyə qədər qoşunların “güzgü prinsipi” üzrə geri çəkilməsinə, sərhəddə “nəzarət mexanizmi” yaradılmasına, “qarşılıqlı hücum etməmək paktının” imzalanmasına nail ola bilməyib. Və görünür, bu məsələlər müzakirə edilən sülh müqaviləsində İrəvanın istədiyi formada əksini tapmır. Ermənistan təklif etdiyi “strateji saziş”də bu məsələlərin yer almasını – mövcud sərhədlərinin saxlanılmasını istəyir. Hərçənd, texniki olaraq iki dövlət arasında hansısa strateji sazişin imzalanması üçün öncə sülh sazişi imzalanmalı, münasibətlər normallaşmalıdır.
Paşinyan bu məsələni Kazanda Əliyevlə müzakirə etdiyini deyir. Mümkündür ki, Əliyev öncə sülh sazişinin imzalanması – təbii ki, Bakının gündəliyinə uyğun - daha sonra bunun müzakirə edilməsi cavabını verib. Görünür, Nikol erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı atılacaq addımların və niyə bu addımları atacaqlarının anonsunu verir. Çünki tərəflərin dekabrda sülh müüqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi “real Ermənistan” konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb. Bu konsepsiya özündə qonşu ölkələrə qarşı ərazi iddialarından və bunun əks olunduğu normativ-hüquqi aktlardan imtina edilməsini ehtiva edir.
Baş verənlər fonunda Bakı və İrəvan arasında münasibətlərin normallaşması motivi üzrə gedən danışıqların dərinliyində Ermənistanın gələcək mövcudluğu, yaxud hansı sərhədlər çərçivəsində mövcudluğu yatır. /axar.az/