Trampın daha bir müddət üçün prezident seçilməsindən altı gün keçib, amma müzakirələr səngimir, davam edir. Təkcə peşəkar təhlilçilər deyil, hətta adi insanlar da təxmin etmək istəyirlər ki, görən, bu adam ABŞ və dünya siyasəinə hansı yenilikləri gətirəcək, halbuki yalnız təhlilçilərin deyil, ən sadə siyasi müşahidəçilərin də Trampın təkrar seçilməsinin bütün mümkün nəticələrini ciddi şəkildə müzakirə etmək və yeni ABŞ prezidentinin ciddi iz buraxa biləcəyi əsas siyasi və iqtisadi istiqamətləri müəyyən etmək üçün xeyli vaxtları olmuşdu.
Bütün seçki kampaniyası dövründə bu qəbildən olan təhlilər və müzakirələr səngimək bilmir, davam edirdi - həm ABŞ-ın özündə, həm də kənarlarda...
Bəs başqa nə demək olardı bu xüsusda? Bəli, ABŞ proteksionizmi növbəti dəfə ABŞ qlobalizminə və liberalizminə qalib gəldi, "Amerika eqo"su yenə də üstün oldu və dünənki mühacirlərin bugünkülərə qısqanc münasibəti yenidən ABŞ-ın siyasətində neqativ təzahürünü tapdı, halbuki belə olmamalı idi, çünki ABŞ-ın tarixən mühacir ölkəsi olması bir tərəfə, bu ölkənin də bütün böyük və inkişaf etmiş dövlətlər kimi hər il milyonlarla mühacir işçiyə ehtiyacı olur.
Bəli, qlobal miqyasda daim dörd fundamental azadlığa (kapitalın, məhsulların, işçi qüvvəsinin və xidmətlərin sərbəst hərəkəti!) təkan verən, hətta onlara lobbiçilik də edən ölkə onun nəinki dabanlarını tapdayan və hətta bir çox iqtisadi parametrlərə görə ondan önə çıxan (ilk növbədə "səmaaltı" Çin!) bəzi iqtisadi rəqiblərini dayandırmağa, özü də ən kobud üsullarla dayandırmağa çağıranlara səs verməli oldu...
Ciddi dəyişikliklərin baş verə biləcəyi ən əsas siyasi vektorlara gəldikdəsə, bunlar hamıya məlumdur. Bu ilk növbədə hazırda davam edən Yaxın Şərq və Ukrayna münaqişələridir. Yaxın Şərq münaqişəsilə bağlı onu demək olar ki, qoy, Tramp İsrailə dəstək versin. Ona görə ki, Təl-Əviv regional terrorizmə qarşı müharibə aparır, xüusən də HƏMAS və "Hizbullah" kimi terrorçu təşkilatlarla vuruşur.
Sonuncunu - "Hizbullah"ı zənnimcə, hətta Ərəb Dövlətləri Liqası da terrorçu təşkilat kimi tanıyıb - bəli, İsrail ilk növbədə regional terrorçu şəbəkəyə qarşı vuruşur və bu regional terror şəbəkəsi dolayı yolla hətta bizim Azərabaycanın da təhlükəsizliyinə təhdid yaradır, baxmayaraq, ölkəmiz Yaxın Şərq "geosiyasi pilitə”sindən xeyli kənarlarda yerləşir...
Baxın, "Hizbullah"ın yeni lideri bu yaxınlarda dedi ki, onların məqsədi İsraili məhv etməkdir. Bəli, o, demir ki, məqsədləri Qəzzadakı və Livandakı müharibənin qarşısını almaq, Fələstinin müstəqil dövlət kimi təsdiq olunmasına nail olmaqdır. Yox, deyir ki, məqsədimiz İsraili məhv etməkdir, halbuki artıq ərəb dövlətləri də (bir vaxtlar məşhur "Xartum sazişi”ndə bəyan edilənin əskinə olaraq!) belə kateqorikliyi və ya kəskin münasibəti bölüşmürlər.
Amma burada bir məqam var ki, onu gərək, Tramp da, yeni ABŞ administrasiyası da nəzərə alsın. O da budur ki, uzağı bir təşkilat terrorçu olur, heç bir halda bütün millət terroçu olmur və bu baxımdan yanaşanda heç də bütün Qəzzada yaşayanlar və hətta livanlı şiələrin heç də hamısı terroçu deyillər. Amma müharibə ərzində Qəzzada nə qədər dinc insan həlak olub, bölgə nə boyda böyük humanitar fəlakət yaşayır!..
Digər münaqişə, Ukrayna problemi haqda da onu demək lazımdır ki, Tramp bununla bağlı da ilk dəfə danışmır və "erməni məsələsi”ndən fərqli olaraq, bunu seçki və seçilmək xatirinə də demirdi. Birinci idarəçiliyi dövründə o, hətta NATO-nun kuluarlarında Ukraynanı açıq şəkildə "korrupsiyalaşmış ölkə” adlandırır, Krımı Rusiyaya verməyə çağrır, hətta prezident Vladimir Putinə "özünün ən yaxın dostu” deyirdi!..
Nə demək olar? Əlbəttə, Trmap Ukrayna müharibəsini dayandırsa, çox yaxşı olar.
Məsələ təkcə onda deyil ki, bu müharibə asanlıqla III Dünya müharibəsinə transformasiya edə bilər. Xüsusən də belə xəbərlərdən sonra ki, on mindən çox Şimali Koreya əsgəri və zabiti Moskvanın tərəfində vuruşmağa başlayıb! Düzdür, bu müahribə əslində heç vaxt sırf Rusiya-Ukrayna müharibəsi olmayıbdır, amma indi o, aşkar şəkildə kollektiv, az qala, dünya və ya ən azı, regional müharibə çalarları alır.
Ona görə də müharibəni həqiqətən də dayandırmaq lazımdır. Amma sual yaranır: nəyinə bahasına? Doğrudanmı, ukraynalılar üç il qəhrəmancasına müqavimət göstərəndən sonra yenə də razılaşmaq lazım gəlir ki, Ukraynanın parçalanması, Ruisya ilə Qərb arasında bölünməsi labüddür?..
Açığı, bizə də elə gəlir ki, bu müharibəni necəsə dayandırmaq lazımdır, çünki çox götür-qoy edəndən sonra belə qərara gəlməyə məcbur olursan ki, Kiyevə nə qədər kömək etsən də, o, yenə də Moskva üzərində hərbi qələbə çala bilməyəcəkdir. Ukraynalıların üç il müqavimət göstərə bilməsinin özü artıq böyük fədakarlıq, qəhrəmanlıq və hətta nəticədir - bəli, Kremlin sürətli hərbi qələbə ilə bağlı ümidləri doğrulmadı və bir daha deyirik ki, bunun özü də böyük nəticədir. Ona görə də hələ gənc Ukraynanı son möhkəmlik həddinə qədər sınamaq lazım deyil, gənc ölkə və Ukrayna xalqı buna davam gətirməyə də bilər. Həm də Ukrayna müharibəsilə digər Avropa xalqlarının gözündə Rusiya təhlükəsinə real məzmun vermək, NATO-nun "laxlaması”nın bu yolla qarşısını almağa çalışmaq, yumşaq şəkildə desək, heç də ən əxlaqlı yol deyildir.
Amma Ukraynanı Rusiya ilə təkbətək qoymaq da, bu gənc ölkənin torpaqlarını Rusiya işğalında saxlamaq, ən əsası da, onların bir hissəsindən Moskvaya pay vermək qəti olmaz! Fəqət, Tramp seçiləndən sonra tək ukraynalılar yox, hətta avropalılar da narahatdırlar ki, Amerika onları müharibədə Rusiya ilə təkbətək qoyacaq. Müharibə dayanmalıdır, amma Ukrayna üçün də əlverişli şəkildə!
Sonuncu "Valday diskussiya klubu”nda prezident Putin dedi ki, neytral və nüvə silahına malik olmayan Ukrayna ilə guya razılaşa bilərlər. Olsun! Nüvə silahını hələ doxsanıncı illərdə Ukraynadan aldılar və səhv etmirəmsə, ABŞ da bunu istədi! Neytral Ukrayna məsələsinə gəldikdə isə zənnimizcə, bu da məqbuldur. Qoy, Ukrayna Avropa İttifaqı ilə yaxınlaşsın, amma NATO-nun üzvü olmasın – axı bir vaxt Kreml də deyirdi ki, guya onlar Avropa İttifaqı ilə NATO-nu bərabər tutmurlar!..
Yeni ABŞ prezidentinin NATO-ya da soyuq münasibətini də qeyd etmək lazımdır. Əlbəttə, indi II Dünya müharibəsindən sonrakı ilk illər deyil, Avropa ölkələri çox inkişaf edib, tox və varlıdırlar. Ona görə də təhlükəsizliklərini təmin etməkçün daha artıq xərc çəkə bilərlər.
Bununla heç kim mübahisə etmir. Hətta onu da qeyd edək ki, avropalılar "öz NATO-ları”nı yaratmaq istəklərini də gizlətmirlər, amma real NATO-ya maliyyə inyeksiyalarını artırmağa elə də həvəs göstərmirlər.
Bunun da ən böyük səbəbi budur ki, Avropa İttifaqının özünün də geosiyasi ambisiyaları var və onlar amerikalılardan elə də asılı olmaq istəmirlər. Avropalılar da amerikalıları heç vaxt sevməyiblər, halbuki insaf xatirinə demək lazımdır ki, indiki Avropa İttifaqı haradasa, 50 faiz ABŞ-ın dəstəyinin və köməyinin nəticəsində mümkün olubdur!
Odur ki, NATO-nun üstündən xətt çəkmək tezdir, xüsusən də o vaxt ki, dünyada ona "alternativlər” yaratmaq üçün çox böyük cəhdlər müşahidə olunur: məsələn, BRİCS-in daha bir sammiti - Kazan toplantısı buna sübut olmadımı? Üstəlik, Rusiya Ukrayna müharibəsini başlamaqla hesab edir ki, artıq dünyada çoxqütblülüyü təmin edibdir! Bəli, NATO-nun da geosiyasi maraqları var, o da özünün geosiyasi təsir coğrafiyasını daim genişləndirməyə çalışır, amma bunu Rusiyadan taktik və korrektcəsinə edir, başqa xalqlardan nəsə alırsa, əvəzində onlara həm də çox şey verir!
Rusiya isə 21-ci əsrdə bəlkə də yeganə ölkədir ki, hələ də başqasının ərazilərində gözü var, üstəlik, Ukraynadan sonra növbənin Gürcüstana və Moldovaya çatacığını deyir.
Bunun özü bir daha onu göstərir ki, Ukrayna müharibəsini də nəyin bahasına olursa-olsun, dayandırmaq olmaz, Rusiyanı da dayandırmaq lazımdır. Kremldə başa düşməlidirlər ki, kiçik Gürcüstanın və ya Moldovanın ərazilərini özlərinə birləşidrməklə, Ukraynanın, tutaq ki, Krımını və Şərq hissəni zəbt etməklə Rusiya daha inkişaf etmiş, ruslarsa daha tox və azad olmayacaqlar - Rusiya həmişə böyük və geridə qalmış ölkə olub, gələcəkdə də olacaq, əlbəttə, ruslar daha mütərəqqi bir dövlət qurmayınca...
Trampın "nəzər”ində tək NATO yox, BMT də var, hansını da ki, o, "soyuq müharibənin rudimenti” sayır, ona xərcləri azaltmağa çağırır.
Dünyada BMT ilə bağlı da çox iradlar, hətta təkliflər və planlar var, heç də hamı onun fəaliyyətindən razı deyil. Amma BMT dünyanı KOLLEKTİV - BİRGƏ idarə etməyin ilk təşəbbüslərindən və cəhdlərindəndir. Heç bundan tamam imtina etmək də olarmı? Bəlkə onu təkmilləşdirməyin yollarını aramaq daha düzgün olardı? Təəssüf, bunun əksini düşünənlər də heç də az deyil, hətta bizim Azərbaycanımızda "Valday diskussiya klubu”nu BMT Baş Məclisinin sessiyalarından üstün tutanlar da var...
Beləcə, qlobal dünyanı Trampın necə görməsi, onun dünya panoramı haqqında müzakirələri davam etdirmək olar. Burada Çinə də xüsusi toxunmaq və ABŞ-ın bu vaxta qədərki siyasi və geosiyasi dəyərlərinin əsas prinsipləri (səhv etmirəmsə, Kissincer buna böyük monoqrafiya həsr etmişdi!) haqqında söhbət açmaq olardı. İnanın, mənim Çinə elə bir simpatiyam yoxdur, çünki son illərdə xeyli varlansa da, qeyri-azad ölkədir, sonuncular isə təkcə bəndənizi yox, elə Dünyanın böyük kəsimini həmişə qorxudubdur.
Həm də Çin dünyada, səhv etmirəmsə, heç vaxt sevilən ölkə olmayıb, mən hələ onların uyğur türklərilə hazırda necə davrandıqlarını demirəm! Amma Çin iqtisadi möcüzəsi haqqında düşünərkən qeyri-ixtiyari olaraq, İkinci Dünya müharibəsindən sonrakı ilk parlament seçkilərində uduzan Uinston Çerçillin bir fikrini xatırlayıram: "Bu, demokratiyadı! Məgər biz buna görə vuruşmurduqmu?”.
Eyni sözləri Çinin və digər ölkələrin iqtisadi uğurları haqqında demək olar: bəli, bu, Dünyadakı iqtisadi azadlıqların, azad iqtisadi əməkdaşlığın və dinc inqtisadi yarışın nəticəsidir! Məgər ABŞ on illər ərzində bəşəriyyəti buna çağırmırdımı, buna öyrətmirdimi? Məgər elə NATO da, böyük qlobal hərbi xərclər və səylər də bununçün deyildimi? Məgər bu, qloballaşma ideologiyasının və fəlsəfəsinin birbaşa nəticəsi deyilmi?..
Son günlərdə Rusiya kiçik Moldovada Qərbə uduzdu, onun Gürcüstandakı "qələbə”si də böyük bir sualın predmetidir: Rusiya bu ölkədə həqiqətən də qalib gəlibmi? Bunu hələ zaman göstərəcək, ən azı ona görə ki, Gürcüstanın indiki hakimiyyəti ciddi-cəhdlə özünün Moskva ilə bağlı olmadığını sübut etməyə çalışır. Amma bəzi müşahidəçilər hətta Trampın da qələbəsini dolayı yolla Rusiyanın "geosiyasi qələbəsi” kimi qələmə verməyə çalışır – guya Tramp Kremlin geosiyasi ambisiyalarına daha çox meydan və sərbəstlik verəcək! Guya Vaşinqton daha post-sovet ölkələrinə dəstək verməyəcək, tək Ukraynanı yox, elə Moldovanı və Gürcüstanı da, hətta Rusiyanın geosiyasi orbitindən uzaqlaşmaq üçün özünün ilk ürkək, hələki qeyri-ardıcıl və ziddiyyətli addımlarını atan Ermənistanı da Rusiya ilə tək buraxacaq!..
Əlbəttə, növbəti dörd ildə bunlar tamam istisna olunmur. Amma bir təsəlli var ki, Trampın cəmi dörd il vaxtı var və o, dörd il ərzində Dünyanı istədiyi kimi korlaya bilməyəcək. Bəli, Trampın seçilməsi bir daha göstərdi ki, seçkilərin taleyini "dərin dövlət” və ya "dövlət maşını” kimi anlayışlar yox, əlahəzrət seçici həll edir. Amma seçici də səhv edə bilər: məgər hamımız səhv edə-edə inkişaf etmirikmi? Üstəgəl, Tramp seçildisə, bu, o demək deyil ki, ABŞ "dövlət maşını” birfdəfəlik, tamam yox oldu, yox, onun müqaviməti hiss olunacaqdır...
Yox, biz bəzi siyasi müşahidəçilərin guya Trampı da Linkolnun, Kennedinin və b. taleyinin gözlədiyi haqqındakı dırnaqarası "proqnozlar”ını bölüşümürük, baxmayaraq ki, bu təhlilçilər diqqəti daha bir detala çəkir ki, seçki dövründə Trmpa qarşı üç sui-qəsd cəhdi oldu!
Bir daha deyirik: belə qiymətləndirmələri və yaxud proqnozları bölüşmürük, çünki üç sui-qəsd cəhdinin heç birinin izləri Ağ Evə aparmırdı!
Bizə elə gəlir, zaman-zaman bəzi dəyərlər də sınaqdan keçirilməlidr. Fikirləşirik, demokratik ABŞ-da da bu baş verir: qlobalizm, fundamental qlobal hüquq və azadlıqlar, azad planet dünyagörüşü insanlarçün həqiqətən dürüst seçimdirsə, amerikalılar da, elə bəşəriyyət də gec-tez buna qayıdacaq...
O ki qaldı Trampın seçilməsinin Azərbaycana və Türkiyəyə təsirinə, birincisi, prezidentlə bahəm Nümayəndələr Palatasının, səhv etmirəmsə, bütün tərkibi, Senatın üçdən biri təzədən seçildi. Bu məqam konqresmenlərin bir neçə həftə bundan əvvəl hökumətə göndərdikləri növbəti anti-Azərbaycan müraciətinə də bir daha işıq salır – zənnimcə, bir daha aydın oldu ki, bunu heç də dövlət katibi E.Blinken özü təşkil etməyib, böyük ehtimalla, ermənipərəst konqresmenlərin bir hissəsi yenə erməni diasporasınının hüsn-rəğbətini qazanmağa çalışıb..
İkincisi, gəlin özümüzü ən azı mütərəqqi Dünya ilə bir tutaq, özümüzü dünyadan ayırmayaq, Trampın seçilməsi Dünyaya necə təsir edəcəksə, bizə də elə təsir edəcəkdir!
Burada bir daha qeyd edək ki, güclü Dünya ilə bir olmaq lazımdı, BMT-yə, ABŞ-a, Avropya qarşı etinasız olmaq olmaz.
Amma biz nə edirik? Az qala, "Valday diskussiya klubu”nu da BMT Baş Məclisinin illik sessiyalarından üstün tuturuq, Avropa "Demokratiya sammiti”ninin işində iştirak etmirik, amma ermənilər bütün bu müstəvilərdə çox fəaldırlar. Ona görə də bir daha deyək ki, elə siyasət də boşluğu sevmir – əgər sən haradasa yoxsansa, rəqiblərin dərhal bundan faydalanacaq, dərhal bu boşluğu "dolduracaqlar”...
Üçüncüsü, Trampı artıq bir dəfə görmüşük və bircə onu deyək ki, o, Azərbaycan üçün də, Türkiyə üçün də Baydendən və ya Harrisdən pis olmayacaq, yaxşılığı dəyməsə də, pislik də etməyəcək! Necə ki, o, ilk idarəçiliyi dövründə Türkiyəyə qarşı (o vaxt Ankaranın Moskvadan S-400 raket komplekslərini alması Vaşinqtonla münasibətlərdə çox böyük böhran yaratmışdı və bu böhran hələ də tamamilə çəkilməyibdir!) Barak Obamanın düzgün hərəkət etmədiyini etiraf etdi, amma vəziyyəti düzəltmək üçün özü də heç nə etmədi! Necə ki, birinci idarəçilik dövründə köməkçisi Con Boltonla Nikol Paşinyana çatdırdı ki, ölkənizin dəyişməsini və inkişaf etməsini istəyirsinizsə, regional siyasətinizi dəyişin, amma yenə də özü də, ölkəsi də bunun üçün heç nə etmədi! İndi də ən pis halda belə olacaq - yaxşılıq etməsə də, pislik də etməyəcək.
Bu səbəbdən də narahat olmağa dəyməz. Hətta seçki kampaniyasının son günlərində Trampın bir azca "ermənipərəst çıxışlar” etməsi də seçki üçün və erməni diasporunun dəstəyini almaq üçün idi.
Biz hətta belə düşünürük ki, əgər Harris də seçilsəydi, Azərbaycana qarşı hansısa ciddi bir neqativ olay baş verməyəcəkdi. İndi Azərbaycan - Ermənsitan müstəvisində başqa ovqat duyulur. Bəli, demokrat Bayden qondarma "erməni geonosidi”ni tanıdı. Di gəl, indiki erməni hakimiyyətinin özü də işarə edir ki, onlar üçün bu məsələ əvvəlki aktuallığında deyil və onlar qonşu Türkiyə ilə də əlaqələr qurmaqda çox maraqlıdırlar. Üstəlik, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının nəinki əleyhinə deyil, əksinə bunda maraqlıdır. Çünki onlar hətta İrəvanın özündən də yaxşı anlayırlar ki, bu, Ermənistanının Rusiyanın geosiyasi orbitindən uzaqlaşması üçün əsas şərtlərdən biridir. /qaynarinfo.az/