Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 11-13-də Azərbaycanda işgüzar səfərdə olacaq. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
Məlumata görə, Japarov noyabrın 12-də Bakıda olacaq və iqlim sammitinin açılış mərasimində iştirak edəcək. Eyni zamanda konfransın plenar iclasında çıxış edəcəyi də bildirilib.
Qırğızıstanın Azərbaycan və Monqolustanla birgə noyabrın 13-də COP29 çərçivəsində təşkil edəcəyi “Yüksək səviyyəli dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişiklikləri mövzusunun aktuallaşdırılması” mövzusundakı tədbirdə isə Sadır Japarov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ram Çandra Poudela, eləcə də digər nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri çıxış edəcək.