Yeni planı Makronu çətinə saldı – Bakıya işi düşdü


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, bu mövzu Makronun ötən il Qazaxıstana səfəri zamanı da müzakirə edilib:

“Məsələ budur ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.

Fransanın EDF şirkəti Qazaxıstandanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir. Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Kasım-Jomart Tokayevin mövqeyi belədir ki, stansiyanın tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. Bu, Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Məsələn, Rusiyanın “Rosatom” şirkəti də Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir.

Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub. 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2.46 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışır. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. Digər tərəfdən, Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə birgə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür”.

Təhlildə vurğulanır ki, Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb:

“Tokayev məqalədə iki ölkə arasındakı münasibətləri strateji adlandırıb. Tokayev məqalədə Orta dəhliz layihəsinin əhəmiyyətini vurğulayaraq, bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb.

Qazaxıstan lideri Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Tokayevin Orta dəhlizin həmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki, Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu, məhz Orta dəhliz vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. Yəni Qazaxıstan uranı Orta dəhlizin tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ