Ermənistandan “Bakının qələbəsi” açıqlaması – Təxribat olacaq, lakin…


Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sərhədlərin demarkasiya qaydasının müəyyənləşməsini hər iki ölkə üçün qələbə adlandırıb.

O, İrəvan və Bakıda proseslərin müsbət şəkildə irəliləcəyinə ümid etdiyini, qərarlaşdırılmayan digər məsələlərin də həll olunacağını bildirib. Simonyan demarkasiya komissiyalarının imzaladığı reqlamentin Azərbaycan və Ermənistan arasında uzun illər sonra imzalanan ilk sənəd olduğunu və böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sərhədin demarkasiya qaydasının müəyyənləşməsi hər iki tərəf üçün ciddi uğurdur:

“Əsas məsələ bu nəticənin ikitərəfli təmaslar əsasında, vasitəçilərin rolu olmadan əldə edilməsidir. Bu, gələcəkdə ikitərəfli təmasların daha da intensivləşə biləcəyi mənasına gəlir.

Görünür, Ermənistan da Azərbaycanla birbaşa təmasların daha effektiv olduğunu anlayır. Hər halda proses davam edəcək. İkitərəfli danışıqlar nəticəsində qarşılıqlı etimad mühitinin yaranması həm də yekun sülh sazişinə töhfə verir. İndi əsas məsələ bu nəticələrdən narahat olan Qərbin bölgəyə müdaxiləsinin, təxribat cəhdlərinin qarşısının alınmasıdır”.


MANŞET XƏBƏRLƏRİ