“Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) rəhbərliyinin ölkəsində çevriliş planları ilə bağlı açıqlamaları tamamilə reallığı əks etdirir”.
Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Orbanın Aİ rəhbərliyinin Macarıstanda dövlət çevrilişi etmək istədiyinə dair açıqlamasına münasibətdə deyib.
Onun sözlərinə görə, Orbanın xarici siyasətlə bağlı qərarları onu hədəfə çevirib:
“Macarıstanın müstəqil siyasət yürütməsi, Qərbdəki şər mərkəzlərinə xidmət etməməsi, bir çox hallarda dünyanın qarışdırılmasına yönəlik planlara dirəniş göstərməsi buna səbəb oldu. Bu ölkə həm Avropa İttifaqı, həm də NATO-nun üzvüdür. Qərbin Rusiya ilə bağlı sanksiyalarına qarşı çıxması, eyni zamanda müxtəlif zamanlarda Aİ-nin Ukraynaya silah yardımına veto qoyması Macarıstan hökumətini ittifaqın lider ölkələri ilə yanaşı, alyansın da hədəfinə çıxarır. Burada əsas rolu Avropa İttifaqının siyasi mərkəzi Fransa və NATO-nun lideri ABŞ oynayır”.
Əli Zülfüqaroğlu
Ə.Zülfüqaroğlu əlavə edib ki, rəsmi Budapeştin prinsipiallığı bu ölkələrin siyasi hakimiyyətini ələ keçirən güclərin planlarına mane olur:
“Macarıstanın Avropa İttifaqından çıxması qurumun dağılmasının sürətlənməsi ilə yanaşı, bu ölkəni Rusiya ilə daha da yaxınlaşdıra bilər. Ona görə də Qərb üçün optimal variant Budapeştdə hakimiyyəti devirmək və marionet hökumət formalaşdırmaqdır. Amma bu planın reallaşacağını düşünmürəm”.
Qeyd edək ki, Macarıstanın Avropa Şurasına sədrliyindən sonra Budapeşt və Brüssel arasında gərginlik artıb. Macarıstan həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlətdir.