Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Türkiyə ilə bağlı danışıb. O bildirib ki, Suriya hökuməti Türkiyə ordusunun bu ölkənin ərazisindən çıxarılmasını istəyir.
Lavrov bir qədər əvvəl də Türkiyəni tənqid etmişdi. Rus nazir Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığa davam etdiyini xatırladaraq demişdi ki, türk silahları Ukrayna ordusu tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur.
Lavrov bu bəyanatları Putinlə razılaşdırmadan verə bilərmi? Bu mövqe Rusiya-Türkiyə, həmçinin Putin-Ərdoğan münasibətlərinin kəşkinləşməsinin göstəricisidir? Moskva Ankaraya Kiyevlə münasibətləri dayandırmağı diktə etməyə çalışır?
Türkiyəli politoloq Hüsaməddin İnanc Globalinfo.az-a deyib ki, Ankara son vaxtlar Ukraynada PUA istehsalı ilə bağlı şirkətlər qurub və bu sahədə əməkdaşlıq genişlənib:
“Türkiyə bu gün Ukraynaya çox ciddi silahlar verir. Məsələ əslində Türkiyənin Ukraynaya silah verməsi deyil, çünki bu günə qədər onsuz da Rusiya Türkiyənin Ukraynaya silah verdiyini bilirdi. Əgər bu gün buna etiraz edirsə, demək, vəziyyət dəyişib.
Hüsaməddin İnanc
İki ölkə arasında son zaman fikir ayrılıqlar var. Qəribə də olsa bu fikir ayrılıqları Ukrayna ilə yox, Yaxın Şərq və Cənubi Qafqaz problemləri ilə bağlıdır. Ankara və Moskva ortaq hərəkət edirmiş kimi görünsə də, fikir ayrılıqları var və bu özünü Ukrayna məsələsində daha qabarıq göstərir.
Türkiyənin buna verəcəyi cavab bəllidir. Ankara Rusiyanın PKK, YPG, PYD-yə verdiyi dəstəyi geri çəkməsini istəyir. Bundan başqa, Əsəd rejimi ilə uzlaşma olmamasının səbəbkarı da Rusiyadır. Ankara bu məsələdə geri addım atmayacaq, amma Rusiyanın da irəli gedib nə isə edəcəyini düşünmürəm”.