Noyabrın 5-də ABŞ özünün növbəti prezidentini seçəcək. Namizədlər hazırkı vitse-prezident, Demokrat Partiyasından olan Kamala Harris və keçmiş prezident, Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampdır. Onlar arasında seçki yarışması kifayət qədər gərgin keçir. Hətta demək olar ki, şansları eyni qiymətləndirilir.
Maraqlıdır, Azərbaycanın tanınmış xanımları kimin prezident seçilməsini istəyir? Sırf qadın həmrəyliyinə görə Amerika kimi nəhəng dövlətin başına Kamala Harrisin gəlməsində maraqlıdırlarmı?
Ümumiyyətlə, ABŞ-ın prezidenti qadın seçilərsə, bu, dünyada sülhə, əmin-amanlığa müsbət təsir göstərərmi?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı normal münasibət bəsləyən namizədi dəstəkləyir.
Novella Cəfəroğlu
O, Kamala Harrisi qəti şəkildə dəstəkləmədiyini bildirib:
“Bilirsiniz, xanımlardan kiminsə prezident seçilməsi yaxşıdır. Amma Harris hələ seçilməmiş erməni lobbisini dəstəkləməyə başladı. Azərbaycan dövlətinə qeyri-adekvat yanaşan adamı dəstəkləyə bilmərəm. Kimliyindən asılı olmayaraq özlərini demokrat hesab edib, Azərbaycana qarşı antidemokratik fəaliyyət göstərənlərə münasibətim birmənalı olaraq pisdir! Donald Tramp da xristianları dəstəklədiyini dedi. Ona görə də, kim seçilir seçilsin, maraqlı deyil. Sadəcə, özümüz-özümüzü daxildə müdafiə etməyə çalışmalıyıq”.
Tanınmış jurnalist İlhamiyyə Rza xüsusilə bu məsələyə seksist yanaşmanın əleyhinə olduğunu qeyd edib:
İlhamiyyə Rza
“Əlbəttə, qadın həmrəyliyinə dəyər verirəm. Lakin söhbət dünyaya hegemonluq edən, yaxud etmək istəyən bir ölkədən gedirsə, burada gender mənsubiyyətdindən əvvəl onun hansı insani dəyərlərə sahib olmasını nəzərdən keçirməliyik. Daha sonra kapasitəsinə baxılmalıdır. Bu siyahını uzatmaq olar. Siyahıda cinsi mənsubiyyət hardasa axıra yaxın yerlərdə qərar tutmalıdır. Mahiyyətə gəlincə, etiraf etmək lazımdır ki, Kamala Harris xeyli vaxtdır ölkəni idarə edir. Yaşlı və sağlığında ciddi problemləri olan, elə mental sağlamlığını da nəzərdə tuturam, söhbət təkcə fiziki durumdan getmir, Co Baydenin ilk günlərdən yanında gördüyümüz Kamala Harrisin əvvəl-axır bu pozisiyaya sahiblənəcəyini gözləmək olardı. Söhbət de-fakto baş tutmuş bir hadisənin hüquqi təsdiqindən gedir”.
İ.Rza deyib ki, bugünkü Amerikanın buraxdığı bir çox səhvlərin müəllifi elə Kamala Harrisdir:
“Artıq biz onun hansı vədlər verməsindən asılı olmayaraq prezident kürsüsündə nə edəcəyini bilirik. Bu mənada Amerikanın həyatına heç bir yenilik gətirməyəcəyinə əminəm. Eyni şeyləri Trampla bağlı da demək olar. Hər ikisinin əməldə və realda həmin postda nələrə qadir olduğu bizə məlumdur. Halbuki yeni dünya düzəni yeni yanaşmalar tələb edir. Burada isə hər hansı bir yenilik gözləmkdən söz belə gedə bilməz”.
Təhsil məsələləri üzrə ekspert Sona Əliyeva üçün Birləşmiş Ştatlarda kimin prezident seçilməsinin elə də ciddi əhəmiyyəti yoxdur:
Sona Əliyeva
“Dövlətin dərin qanadlarının müəyyənləşdirdiyi bir sistem, müstəvi və koordinatlar çoxluğu var. Siyasi xətt də həmin istiqamətlərdə irəliyə doğru cərəyan edir. Bir sözlə, prezidentin və digər ali rəhbərlikdə təmsil olunanların hər hansı aparıcı mövqeyə malik olmasından söhbət belə gedə bilməz. İstənilən halda, Kamala Harrisin prezident seçilməsindənsə, Trampın kürsüyə gəlməsinin tərəfdarıyam. Çünki hazırkı administrasiyada vitse-prezident olan xanım Harris faktiki olaraq Baydenin əsas əvəzedicisidir. Hətta bəzi məqamlarda yekun təhrikedici qüvvənin də Harrisin olduğu deyilir”.
S.Əliyeva deyib ki, K.Harrisin hakimiyyəti dövründə dünyadakı narahatedici durum hər kəsin gözünün önündədir:
“ABŞ vahid qlobal güc imkanlarını məhz Bayden dönəmində itirdi, indi ikitirəlik var. Çin də dünya ağalığına iddiaçılardandır. Rusiya zəiflədilsə də bu proses müvəqqətidir. Çünki aqressiv nüvə dövləti ilə masada bir yerə qədər savaşa bilərsən. Amma Tramp biznes düşüncəli insandır. Ölkəsinin iqtisadi maraqlarını hər şeydən üstün tutur. Əgər Tramp ABŞ-ın iqtisadi maraqlarını təmin edərsə, o zaman Yaxın Şərqdə və Ukrayna cəbhəsindəki narahatlıqlar dondurula bilər. Hətta gərginliyin sıfırlanması da mümkündür. Lakin Harris və Bayden cütlüyü ilə bunlar mümkün olmayacaq. Çünki onlar daha çox qan qoxusu üzərindən hökm etməyə çalışırlar…”
Səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı da ABŞ-da kimin prezident seçilməsinin onun üçün xüsusi bir əhəmiyyəti olmadığını vurğulayıb:
Nərmin Abbaslı
“Çünki düşünürəm ki, ABŞ-da oturuşmuş bir sistem var və şəxslər dəyişilsə də, həmin sistemə uyğun fəaliyyət göstərilir. Ola bilər ki, seçilən prezidentlərin fəaliyyətində kosmetik sayılacaq dəyişiklikləri olsun. Biz baxmalıyıq ki, bu fəaliyyətdə ölkəmizə, bizim regiona münasibət necədir. Sülh və əmin-amanlıq məsələsinə gəldikdə isə, bu amil həmin liderin cinsiyyətindən daha çox onun strategiyasından, dəyərlərindən, prinsiplərindən asılıdır. Bir liderin siyasətdə, diplomatiyada, beynəlxalq münasibətlərdəki prioritetələri, siyasi kursu bu məsələyə daha çox təsir göstərər. Amma təbii ki, bir qadının dünya nəhəngi olan ABŞ-ın prezidenti seçilməsi tarixi bir hadisə olar və bunun nəticələri ya simvolik, ya nəzəri baxımdan müzakirə oluna bilər”.
N.Abbaslı deyib ki, ABŞ -ın prezidentinin qadın olması haradasa bəlkə də dünya miqyasında qadınları siyasi fəaliyyətə təşviq edər:
“Təbii ki, qadınların artan sayda siyasətdə, liderlikdə, diplomatiyada, qərar qəbuletmədə iştirakı müsbət hadisə kimi qiymətləndirilməlidir. Amma yenə də qeyd etməliyəm ki, ABŞ-ın növbəti prezidentinin qadın olması dünyada sülhə, əmin-amanlığa səbəb olacaq yeganə və önəmli faktor deyil”.