“Liderlər sülhün bərqərar olması və kommunikasiyaların açılmasını da müzakirə ediblər”
“Ermənistan və Azərbaycan liderləri – İlham Əliyev və Nikol Paşinyan Kazanda keçirilən görüşdə digər məsələlərlə yanaşı, əsirlər məsələsini də müzakirə ediblər”. Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.
Xatırladaq ki, Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar BRİKS+ plenar iclası çərçivəsində baş tutub. Rusiya və erməni mediasında Ermənistan tərəfinin Əliyevə bir neçə əsirin azad edilməsini təklif etdiyi, bunun müqabilində xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 iqlim sammitinə getməyə hazır olduğunu bildirdiyinə dair yazılar dərc olunub.
Ermənistan Parlamentinin sədri faktiki olaraq mətbuatda yayılan məlumatı dolayısı ilə təsdiqləyib.
Həmçinin onun sözlərinə görə, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti sülhün bərqərar olması və kommunikasiyaların açılmasını müzakirə ediblər.
Simonyanın sözlərindən də məlum olur ki, plenar iclasda Paşinyanla Əliyev bir saata yaxın müzakirə aparıblar. /ayna.az/