Bakı-İrəvan danışıqlarında son nöqtə: Sərhədlərlə bağlı xəritələr masaya qoyuldu


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutan görüşdən sonra tərəflar arasında sülh və digər mövzulara aid müsbət mesajlar verilir. Gözləntilərin müsbət fonda davam etməsi sülh prosesinə nə dərəcədə təsirli ola bilər?

- Kazan görüşü sıradan bir görüş deyildi. Burada müxtəlif maraqlı tərəflər var. ABŞ Administrasiyası da sülh prosesində irəliləyişlərin tərəfdarı olduğunu bəyan edib. Burada prosesə dəstəkdən başqa təkidli yanaşmalar da var. Azərbaycan və Ermənistan tərəfi də sülh prosesinə sadiq olduğunu Kazan görüşünün nəticəsində verilə bəyanatda bir daha nümayiş etdirdi. Məsələlərin sülh, danışıqlar yolu ilə həlli ilə bağlı mövqelər təkararlanıb. Əslində bu, bir növ siyasi mesaj hesab edilir.

- Dərin fikir ayrılıqları ilə bağlı da fikirlər səslənir. Bunlar nədən ibarətdir?

- Həmin görüşdə də bu qeyd edilib. Məsələlərə yanaşmalar fərqlidir. Sözsüz ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan məsələ heç də sadə bir yanaşma tələb etmir. Çünki bunun daxilində böyük məsələlər var.

- Azərbaycan bu halda danışıqlar prosesinə hansı kontekstdə yanaşır?

- Burada Ermənistanın sülhə məcbur edilməsi amili çox önəmlidir. Hərbi müstəvidə Azərbaycan nəticə əldə edib. Amma anneksiya, işğalçılıq siyasəti təkcə hərbi amildən ibarət deyil. Yəni bunun daxilində digər məsələlər mövcuddur. İdeologiya, təbliğat, siyasi məsuliyyət, təzminat kimi vacib şərtlər var.

- Siyasi məsuliyyətlə bağlı İrəvanın əsas öhdəliyi nədən ibarətdir?

- Bu, əslində təzminat məsələsi üçün başlıca şərtdir. Ermənistanın burada siyasi məsuliyyəti öz üzərinə götürməsi ilkin amildir.

- Buna necə nail olmaq mümkündür?

- Azərbaycan tərəfi haqlı olaraq Ermənistan Konstitusiyasında yer alan əsassız iddiaları məhz bu kontekstdə önə çəkir. Çünki konstitusiya dəyişikliyi referendum yolu ilə olacaq. Referendum ərəfəsində isə erməni cəmiyyətində geniş ictimai-siyasi diskusiya olacaq. Bunun nəticəsində Azərbaycan erməni cəmiyyətində mövcud olan yanlış ideoloji məsələlərin aydınlaşmasına çalışır. Nəhayət, erməni cəmiyyətinin hansı mövqedə olduğu bilinəcək.

- Azərbaycan və Ermənistanda arasında sərhədlərlə bağlı reqlamenti hər iki tərəf təsdiqlədi. Bu amil etimad mühitinə necə təsir edə bilər?

- Sözsüz ki, bu amillər var. Amma nəzərə alaq ki, təsdiqlənmiş həmin sənəd texniki xarakterlidir. Bu heç də siyasi mahiyyət kəsb etmir.

- Amma sərhədlərin müəyyənləşməsi həm də siyasi mövqeyə əsaslanır...

- Bu doğrudur. Sərhədlərin hansı əsasda müəyyənləşməsi baxımından belə bir razılığın olması vacib idi. Burada Almatı razılaşması və digər müvafiq sənədlərə istinad qeyd edilir.

- Bu o deməkdir ki, hər iki tərəf Almatı razılaşmasına istinad edir...

- Bakı və İrəvan Almatı razılaşmasını dəstəkləyir. Amma burada hər iki tərəf prosesləri özünəməxsus formada qəbul edir. Əslində Almatı razılaşmasının mətnində konkret heç nə yoxdur. Orada ancaq mövcud olan sərhəd xəttlərindən söhbət gedir.

- Hansı müddətdə olan sərhəd xəttindən bəhs edilir?

- Maraqlısı da məhz budur. Azərbaycanla Ermənistan arasında sərhəd xətlərinə olan fikirlər isə tamam fərqlidir.

- İrəvan hansı dövrə istinad etməyə çalışır?

- Erməni tərəfi 1976-cı il keçmiş sovet dövründə olan xəritələrə əsaslanmağa çalışır.

- Bakının xəritələrlə bağlı mövqeyi hansı dövrə istinad edir?

- Azərbaycan konkret tarixi önə çəkmir. Rəsmi Bakı müxtəlif hissələrə aid ayrı-ayrı xəritələrin istifadəsinin mümkünlüyünü önə çəkir. Misal üçün Qazax rayonu ilə sərhəd xətləri 1976-cı ilin xəritələrinə istinad edildi. Amma bu o demək deyil ki, digər hissələrə də həmin variant şamil olunacaq. Ümumilikdə isə əsas müzakirələr, diskusiyalar qarşıdadır. Bütün bunların fonunda isə indidən müşahidə edilən odur ki, tərəflərin mövqeyində ciddi fərqlər var.


MANŞET XƏBƏRLƏRİ