"Kimin ABŞ prezidenti seçiləcəyinin Azərbaycan üçün heç bir fərqi yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-da Kamala Harrisin, yoxsa Donald Trampın prezident seçilməsinin Azərbaycanın maraqlarına daha çox cavab verəcəyi ilə bağlı məsələsini şərh edərkən deyib.
"2020-ci ildə Azərbaycan torpaqların azad edilməsi uğrunda müharibəni Donald Trampın prezidentliyi dövründə başladı. Nəzərə alaq ki, müharibənin başlanması sıradan bir məsələ deyil. Bunun üçün razılıq, töhfə, xeyir-dua da lazımdır. Bu prosesi isə Qarabağda separatizmin tam məhv edilməsilə məhz demokrat Co Baydenin hakimyyəti dövründə başa çatdırdıq. Demək istədiyim odur ki, ABŞ-ın həm respublikaçı, həm də demokratlar olmaqla hər iki adminstrasiyası da bu məsələdə Azərbaycana dəstək verib", deyə Mehman Əliyev bildirib.
Bu da həmsöhbətimizin fikrincə, elə-belə olmayıb:
"Onun arxasında da hansısa prezident və ya adminstrasiyanın deyil, Birləşmiş Ştatların dövlət maraqları dayanır. Ona görə də düşünürəm ki, ABŞ seçkilərində hər hansı bir seçim heç nəyi dəyişməyəcək. Azərbaycana münasibət əvvəlki qaydada gedəcək. Azərbaycan Avrasiya məkanında vacib bir mərkəzdir".
Bu səbəbdən də ekspert qeyd edir ki, hansı prezidentin iqtidara gəlməsindən asılı olmayaraq, Vaşinqton Bakı ilə işləyəcək:
"Çünki onların strategiyası bir-iki illik deyil, uzun müddətlidir. Bu strategiya çərçivəsində də münasibətlər tənzimlənir. Düzdür, taktiki baxımdan nəsə dəyişə bilər. Amma strateji olaraq hər şey olduğu kimi qalacaq".
Qeyd edək ki, noyabrın 6-da ABŞ-da prezident seçkiləri keçiriləcək. Səsvermə gününə az qalmış nmizədlər arasında mübarizə daha da kəskinləşir. Son rəy sörğularına görə, demokratların namizədi Kamala Harris respublikaçı Donald Trampa nisbətən üstün mövqeyini saxlasa da, onun reytinqi bir qədər azalıb. ABŞ-dakı seçki prosesi bütün dünyada olduğu kimi, Azərbaycanda da sözsüz ki, diqqətlə izlənilir.