İlham Əliyevlə Paşinyan Budapeştdə görüşəcək?


Avropa Siyasi Birliyinin beşinci sammiti noyabrın 7-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa İttifaqı Şurasının sədri Macarıstanın baş naziri Viktor Orban sammitdə iştirak edən ölkələrin liderlərinə dəvət məktubu göndəriblər. Məktubda qeyd edilir ki, plenar iclas təhlükəsizlik çağırışlarından söhbətlə başlayacaq, miqrasiya və iqtisadi təhlükəsizliklə bağlı müzakirələrlə davam edəcək. İqtisadi təhlükəsizliklə bağlı sessiyada həmçinin enerji, nəqliyyat, internet texnologiyaları və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq.

Sammitə ümumilikdə 50-yə yaxın ölkə dəvət edilib. Ermənistan sammitdə iştirakını təsdiqləyib. Azərbaycan bu barədə rəsmi qərarını açıqlamayıb. Lakin Azərbaycanın sammitə iştirak edəcəyi gözlənilir. Rəsmi Bakı bundan əvvəl keçirilən 4 sammitin 3-də ən yüksək səviyyədə təmsil olunub.

Əvvəlki sammitlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən təmaslar və görüşlər olub. Bəs Budapeşt sammitində də liderlərin görüşü gözlənilirmir?

Qeyd edək ki, İlham Əliyev və Paşinyan arasında sonuncu görüş oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan liderləri görüşsə, bu bir addım qabağa getmək mənasını daşıyacaq:

“Azərbaycanın Avropa Siyasi Şurasının tədbirində iştirakla bağlı dəqiq qərarı yoxdur. Burada işitirak edilsə və liderlər arasında görüş olsa, bu, müsbət hal olar. Kazan sammitindən sonra belə bir görüşün olması müsbət hal kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, hər bir görüş bir addım qabağa getmək deməkdir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib ki, Azərbaycan və Ermənistan liderləri görüşsə də, ciddi yenilik olmayacaq: “Azərbaycan və Ermənistan liderlərinin Macarıstanda 7 noyabrda keçiriləcək Avropa Siyasi Şurası zamanı görüşü baş tutsa belə, bu, hansısa böyük yenilik gətirməyəcək. Çünki mövqelər bəllidir, danışıqlar prosesi gedir. Hər şeyə vaxt lazımdır. Ermənilər öz mövqeyini təsbit etmək üçün razı olduqları məsələlərə imza çəkməyə hazırdılar. Məlumdur ki, Azərbyacanın mövqeyi fərqlidir. İstənilən mənasız, hansısa məntiq daşımayan kağıza qol çəkməyə ehtiyac yoxdur”.

Sabiq nazir hansısa sülh yanaşmasını təbliğ edən bəyanata qol çəkməyin mümkün olduğunu deyib:

“Prinsiplər sazişinə qol çəkmək mümkündür, yoxsa yox, bilmirəm. Hansısa sülhü, ya da sülh yanaşmasını təbliğ edən bəyanata qol çəkmək mümkün olardı. Bu cür sənədlərə qol çəkilməsi sülh prosesinin gücləndirilməsinə gətirib çıxarır, müsbət abu-hava yaradır. Amma bu bəyanatlar problemləri həll etmək iqtidarında deyil. Çünki problemlər çoxdur və onların həlli ciddi danışıqlar tələb edir”.


MANŞET XƏBƏRLƏRİ