Baydenin Əliyevə tam fərqli məktubu: “O, xahişimlə Sizi…” – Kodlar


“Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktub sırf Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqları ilə bağlıdır. Ənənəvi məktublardan fərqli olaraq burada neft-qaz və Qərbin enerji təhlükəsizliyi istiqamətləri vurğulanmayıb, çünki mövzu konkretdir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən deyib.

Onun sözlərinə görə, məktubda Bayden administrasiyasının israrı və tələsməsi hiss olunur. Bayden bildirir:

“Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək”.

Maykl Karpenter artıq həm Prezidentin, həm də xarici işlər nazirinin qəbulunda olub. İstisna deyil ki, səfərin əsas məqsədi tərəflərin ortaq məxrəcə gətirilməsi və COP29 vaxtı hansısa sənədə imza atılmasıdır. Çünki Bakı qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddiaları olan Ermənistanla sülh sənədinə indiki şərtlər altında imza atmayacaq. Lakin “münasibətlərin normallaşmasına dair” hər hansı sənədin imzalanması müzakirə predmetidir”.

Zaur Məmmədov

Ekspert deyib ki, Baydenin məktubunda bir cümləyə xüsusi diqqət yetirmək lazımdır:

“Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Müxtəlif təzyiq metodları ilə Azərbaycan rəhbərliyini razılığa gətirə bilməyən Vaşinqton yenidən mülayim diplomatiyaya keçib. Baydenin istədiyi sənəd olmasa da, hansısa müqavilənin imzalanmasını xahiş etməsi istisna deyil.

Yeri gəlmişkən, sülh müqaviləsinə qədər paraflanmış variantın imzalanmasının mümkünlüyü rəsmi Bakı tərəfindən 2024-cü ilin qışında təklif edilmişdi. Lakin həmin vaxtdan bu gün səhər saatlarına qədər ABŞ və Ermənistan Bakı və İrəvan arasında münasibətlərlə bağlı ən üst sənəd sayılacaq “sülh müqaviləsi”nin imzalanmasına israr edirdilər. Baxmayaraq ki, hazırda masada olan yarımçıq və natamam müqavilə ərazi iddiaları və ziddiyyətlərə tam son qoymur.

Yuxarıda deyilənlərdən görünür ki, Azərbaycan rəhbərinin bu məsələlərlə bağlı prinsipiallığı bir daha milli maraqlarımızın maksimum şəkildə reallaşması ilə davam edir”.


MANŞET XƏBƏRLƏRİ