ABŞ Bakıya qarşı əsas silahını itirdi – Harris prezident seçilsə…


ABŞ-Azərbaycan münasibətlərində dinamika müşahidə olunur. Prezident İlham Əliyevin ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul etməsi, həmçinin ABŞ lideri Cozef Baydenin ölkə başçısına məktub göndərməsi diqqət çəkir.

Vaşinqtonun Azərbaycanla bağlı aktivliyi xüsusi diqqət çəkir.

ABŞ prezident seçkisindən sonra münasibətlərdə stabillik olacaqmı? Kamala Harrisin qələbəsi gərgin münasibətləri aradan qaldıracaqmı?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Vaşinqton-Bakı münasibətlərində nəzərəçarpan soyuqluq demokratların ənənəvi və Baydenin prezidentliyi dönəmində daha qabarıq şəkildə nəzərə çarpan uğursuz xarici siyasətin elementlərindən biridir:

“Digər tərəfdən, ABŞ-da keçirilən hər prezident seçkisindən öncə, xüsusilə demokratların seçki kampaniyasının tərkib hissəsi kimi Azərbaycana qarşı haqsız və əsassız hücumları müşahidə olunub. Doğrudur, ərazi bütövlüyümüzün təmin edilməsi və suverenliyimizin bərpasından öncə bu hücumlar motiv baxımından fərqli xarakter daşıyırdı və indiki qədər aqressiv deyildi. Çünki həmin dövrdə məqsəd Azərbaycan xalqını və dövlətini təslimçi sülhə məcbur etməkdən və işğalla mümkün güzəştlər daxilində barışdırmaqdan ibarət idi. Bu səbəbdən də, körpülərin tamamilə “yandırılmasına” xidmət edən addımlar atılmırdı. Həm də işğal amili Vaşinqtonun əlində real təzyiq elementi kimi qaldığı, o cümlədən Ermənistan tamamilə Rusiyanın təsiri altında olduğu üçün bölgədəki geosiyasi reallıqlar Ağ Evi daha fərqli və bu reallıqlar Moskvanın əleyhinə dəyişənədək qismən yumşaq davranışlar sərgiləməyə sövq edirdi.

Hazırda isə Azərbaycana ölkə daxilindən separatizm və işğal amilləri üzərindən təzyiq imkanları tamamilə sıradan çıxıb.



Elçin Mirzəbəyli

Birləşmiş Ştatların əsas yaxın hədəfi Gürcüstanda öz əlaltılarını hakimiyyətə gətirməkdən, daha sonra isə Cənubi Qafqazdakı təxribat ssenarilərini Ermənistan və Gürcüstan üzərindən həyata keçirməkdən ibarətdir”.

E.Mirzəbəyli deyib ki, Azərbaycanın Gürcüstanın ictimai rəyindəki təsir imkanlarını nəzərə alan Vaşinqton qonşu ölkədəki seçkilər öncəsi Bakıya qarşı informasiya təxribatlarını daha aqressiv şəkildə davam etdirməklə, nüfuz müvəkkilləri qarşısında bölgədə söz sahibi olduğu görüntüsü yaratmağa və proseslərə preventiv təsirlər göstərməyə çalışır:

“ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra kimin qalib gələcəyindən asılı olaraq, vəziyyət də dəyişəcək. Hətta Azərbaycana qarşı heç vaxt dost münasibətdə olmayan Kamala Harris qəlib gəlsə də, Ağ Ev öz xarici siyasətində, ən azı müəyyən zaman kəsiyi üçün korrektələr etmək məcburiyyətində qalacaq.

Harris Baydenin xarici siyasət kursunun davam etməyəcəyini bildirib. Lakin bu o demək deyil ki, Harris prezident seçilərsə Vaşinqtonun xarici siyasəti indikindən daha effektiv və uğurlu olacaq. Ola bilsin, Harrisin qələbəsi Qərb blokunda mərkəzdənqaçmaq meyllərini daha da gücləndirsin və eyni zamanda ABŞ daxilindəki ziddiyyətlərin daha da qabarmasına zəmin yaratsın. İstər Harrisin, istərsə də Trampın uğur qazanması, ABŞ-ın ikipartiyalı, iflasa uğramış siyasi sisteminin yenilənməsinə və cəmiyyətin konsolodasiyasına yol açmayacaq, eyni zamanda çoxqütblü dünyaya keçidə ciddi təsir göstərməyəcək. Trampın qələbəsi bu prosesin tədrici, ABŞ üçün daha azziyanlı müstəvidə cərəyan etməsinə zəmin yarada bilərsə, Harissin prezident seçilməsi hadisələrin gedişatının daha sərt və dağıdıcı olmasına yol aça bilər”.


MANŞET XƏBƏRLƏRİ