Simonyanın Qarabağ etirafının pərdəarxası – Bakının könlünü almağa çalışır?


Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatların BMT qətnamələrinə uyğun olduğunu bildirib. Bu bəyanat Bakının haqlı mövqeyinin rəsmi İrəvan tərəfindən acizanə etirafı kimi dəyərləndirilir.

Xatırladaq ki, bir müddət öncə İsveçrədə Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdən imtina etmişdi. Buna səbəb kimi isə son zamanlar Simonyan və Ermənistan Baş naziri Nikol Paşinyanın öz çıxışlarında Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməsi göstərib. Simonyan Azərbaycanın suveren ərazisi olan Qarabağda qanunsuz erməni rejimini dəstəklədiklərini bir neçə dəfə açıq şəkildə ifadə edib. Bundan əlavə, Simonyan Azərbaycanın tələb etdiyi şərtləri qəbul etməyəcəklərini vurğulayıb.

Yəni Azərbaycanın bu görüşdən imtinası Simonyanın və Ermənistan rəhbərliyinin konstruktiv addımlardan uzaq olması ilə bağlıdır.

Bəs Simonyanın etiraf dolu bəyanatı sülh müqaviləsinin yaxın zamanda bağlanacağının əlamətidir?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Nikol Paşinyan hakimiyyəti belə açıqlamalarla öz siyasi maraqları çərçivəsində müəyyən manevrlər etməyə çalışır:

Elçin Xalidbəyli

“Bu açıqlamalar da ölkədaxili siyasi proseslərə hesablanmış manevrdir. Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı olan ittihamların sırasında erməni ordusunun müharibədə məğlub olması, Azərbaycanla müharibədən Ermənistanı yayındıra bilməməsi və s. daxildir. Böyük ehtimalla Alen Simonyan bu açıqlaması ilə Nikol Paşinyana haqq qazandırmağa çalışır. BMT-nin Qarabağla bağlı 4 qətnaməsi Paşinyandan öncəki hakimiyyətin dövrünə aiddir. Simonyan da həmin hakimiyyəti Azərbaycanın haqlı mövqeyinin bloklanmamasında ittiham edir. Azərbaycanın bu qətnaməyə əsasən ikinci Qarabağa müharibəsinə başladığı və ərazi bütövlüyünü bərpa etdiyini iddia edirlər”.

Politoloqun sözlərinə görə, A.Simonyan Azərbaycana xoş görünməyə çalışır:

“Sahibə Qafarovanın son görüşdən imtina etməsinin ardınca Simonyanın belə açıqlama verməsi görünür, hər hansı gərginliyin qarşısını almaq niyyətini güdür. Yəni rəsmi Bakı ilə münasibətlərin gərginləşməsi istiqamətində addım atmır”.


MANŞET XƏBƏRLƏRİ