Jak Şirak Heydər Əliyevə Qarabağla bağlı nəyi söz vermişdi?


“Fransadakı erməni lobbisi hər zaman Azərbaycanla münasibətlərin sağlam inkişafına mane olub. Təsadüfi deyil ki, Heydər Əliyev Jak Şiraka Fransanın ATƏT-in Minsk qrupunda olan həmsədrliyinə məhz onun neytral qala bilməyəcəyinə görə etiraz etmişdi. Buna baxmayaraq Fransa lideri balanslı davranacaqlarını vəd etmişdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Kamran Sultanlı Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyi və ölkəmizə qarşı casus şəbəkəsi yaratması haqda deyib.

O bildirib ki, Nikola Sarkozi, Jak Şirak və Fransua Olland dövründə Fransa neytral və balanslı davranmağa çalışıb:

“Çünki Fransanın Ermənistanla bütün ideoloji və mədəni-siyasi yaxınlığına baxmayaraq, Parisin bölgədə əsas iqtisadi, hətta nə qədər paradoksal görünsə də, hərbi tərəfdaşı Azərbaycan idi. Lakin Emmanuel Makronun hakimiyyətə gəlməsindən və İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Paris müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə qarışır, separatçıları dəstəkləyirdi. Bu ölkənin məqsədi regionda münaqişənin, separatizmin varlığını qoruyub saxlamaq idi. Bunun üçün müxtəlif yollara əl atırdı – separatçıların dəstəklənməsindən tutmuş, casus fəaliyyətinə qədər”.

Ekspert deyib ki, Fransa Avropanın lideri olmaq və qlobal ambisiyalarını həyata keçirmək istəyir:

“Fransanın yeni qlobal ambisiyaları qarşısında iki əsas rəqibi var: Qərbdə Braziliya, Şərqdə Türkiyə. Makron öz ölkəsinin Ərdoğanı olmaq istəyir. Lakin onun siyasətinə daxili dəstək yoxdur.

Fransanın Cənubi Qafqaz siyasətinin əsas xətti Britaniyanı izləməkdir. Bu 19-cu əsrdən “Faşoda sindromu” adlanan xüsusi haldır: Britaniya hardadırsa Fransa ya orada, ya da onun qarşısında olmalıdır. Britaniya Azərbaycan neft yataqlarında pay aldıqda Fransa da aldı, Britaniya Azərbaycana yaxın olduğu zaman Fransa əks cəbhəyə keçdi. Lakin Fransanın Ermənistanda fəallığı bir tərəfdən Rusiyanın boşalan yerini doldurmaqdırsa, digər tərəfdən Azərbaycanın Qərbə, Türkiyənin isə Şərqə gedən yolunu nəzarətə götürməkdir.

Fransa Zurabişvili xətti ilə də Gürcüstanın daxili siyasətinə təsir göstərməyə çalışır. Digər tərəfdən Ermənistanda güclənmək üçün Azərbaycanı hədəf alır. Hətta Aİ-nin monitorinq qrupu da kəşfiyyat məlumatlarının ötürülməsini həyata keçirir. Ermənistan səfirliyində hərbi attaşenin təyinatı da Fransanın bölgədə yeni destruktiv rolu öz üzərinə götürməsindən xəbər verir. Paris yalnız Paşinyanı dəstəkləmir, həm də Ermənistanda revanşist qruplarla əməkdaşlıq edir”.

Politoloq hesab edir ki, artıq bu mübarizə getdikcə casus fəaliyyəti və kəşfiyyat mübarizəsinə də sirayət edir:

“Lakin Fransa Azərbaycanla münasibətləri normallaşdırmadan Cənubi Qafqazda mövqeylərini qoruya bilməz. Təsadüfi deyil ki, bu günə qədər Gürcüstan və Ermənistana yatırım edən və Azərbaycanı görməzdən gələn bütün ölkələr itirdi. Digər tərəfdən Fransa Orta Asiyaya ciddi maraq göstərir. Xüsusilə də Rusiya ilə gərginlikdən sonra Fransa Qazaxıstan uranına ehtiyac duyur. Həmçinin Fransa AES-i getdikcə istismardan çıxır və fəaliyyət dövrünü bitirir, belə olan halda Fransa şirkətləri yeni qaz və karbohidratlara ehtiyac duyacaq ki, burada əsas marşrut və tədarük xətti Azərbaycandır. Buna görə də Fransa uzun perspektivdə bizim bölgə ilə bağlı praqmatik və rasional olmalıdır. Hesab edirəm ki, bu, Makrondan sonra baş verə bilər. Hazırda isə Makronun timsalında Fransa ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyir: “Qarabağ kartı” əlindən çıxdığı üçün bunu casus şəbəkələri ilə həyata keçirməyə çalışır”.


MANŞET XƏBƏRLƏRİ