Paşinyanın bitməyən sülh marağı: “İrəvanın layihəsi...”


Ermənistanla Azərbaycan yenidən bir-birini 2020-ci il sazişinə riayət etməməkdə, sərhədləri ticarət və səyahət üçün açmamaqda ittiham edib.

Həftəsonu İrəvanda konfransda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşınyan hökümətinin “Sülh kəsişməsi” layihəsini təbliğ edib. O, layihənin iki ölkə arasındakı nəqliyyat əlaqələrində bir növ örnək olduğunu düşünür.

Paşınyan təkid edir ki, bu layihə 2020-ci ildə Qarabağda Rusiyanın vasitəçiliyi ilə müharibəni dayandıran atəşkəş bəyanatının 9-cu bəndinə tam uyğundur.

Müddəa rəsmi İrəvanın üzərinə Sünik vilayətindən keçəcək və Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək nəqliyyat dəhlizi açmaq öhdəliyi qoyur.

Ermənistan Baş nazirinin təbliğ etdiyi layihəyə görə, ölkəsi Naxçıvana aparan nəqliyyat dəhlizinə tam nəzarət etməlidir.

Paşınyan iddia edir ki, rəsmi Bakının bu layihəyə qarşı çıxmasının səbəbi sonuncunun “Ermənistana qarşı aqressiv niyyətləri” və ölkəsinin blokadasını davam etdirmək istəyidir.

Maraqlıdır, Nikol Paşinyan belə bir layihə təklif etməklə nəyə nail olmağa çalışır? Məqsədi nədir? Onun layihəsi hansı hədəfə xidmət edir?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İrəvanın layihəsinin heç bir iqtisadi faydası yoxdur:

“Ermənistanın “Sülh kəsişməsi” layihəsi uydurma və regionda heç kimə lazım olmayan layihədir. İrəvanın layihəsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Bu layihənin reallaşdırılmasına cəhd göstərilsə belə, bunun 15-20 il ərzində reallaşması ehtimalı yoxdur. Çünki Ermənistanın bu layihəyə maliyyə yatırmaq üçün resursları yoxdur. Qərb ölkələri də bu absurd və perspektivi olmayan layihəyə investisiya yatırmazlar.

Bu, Ermənistanın geoiqtisadi məkanda özünü ön plana çıxarmaq üçün uydurduğu bir plandır. Heç kimə cəlbedici görünmür. Azərbaycanın öz layihələri var. Artıq bu layihələrdən bəziləri öz faydasını göstərməkdədir. Hazırda Azərbaycanın prinsipal hədəfi Zəngəzur dəhlizini reallaşdırmaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində yerləşən tranzit ölkədir.

Bununla paralel, İran ərazisi üzərindən Zəngəzur dəhlizinə alternativ marşrut üzərində işlər gedir”.

Ekspert əlavə edib ki, əgər Ermənistan Azərbaycanın tranzit layihələrinə qoşulmaq istəyirsə, fürsəti əldən verməməlidir:

“Ermənistan blokadadan xilas olmaq istəyirsə, öz ərazisindən Zəngəzur dəhlizinin açılmasına imkan verməlidir. Fürsəti əldən verərsə, blokadada qalmaqda davam edəcək. Təbii ki, İrəvan bu reallığı anlayır. Lakin əsas məsələ burasındadır ki, Paşinyan hakimiyyəti bu barədə qərar vermək iqtidarında deyil.

Qərbin müstəmləkəsinə çevrilən Ermənistan müstəqil xarici siyasət yürütmək imkanlarına malik deyil. İrəvan Qərbin maraqlarına və təlimatlarına uyğun addımlar atır.

Bildirim ki, bu gün ABŞ, Fransa və Avropa İttifaqı Zəngəzur dəhlizinə qarşı olmasalar da, bu dəhlizin öz maraqları çərçivəsində həyata keçməsini istəyirlər. Azərbaycan da strateji cəhətdən önəmli olan dəhlizin Qərbin nəzarətində olmasına qarşıdır.

Rəsmi Bakı bunda maraqlı deyil. Qeyd edim ki, Zəngəzur dəhlizi uğrunda geosiyasi mübarizə gedir. Bu mübarizənin nə zaman yekunlaşacağı məlum deyil.

Ona görə də Ermənistan hakimiyyəti bu mövzuları arxa plana keçirmək üçün Zəngəzur dəhlizinə alternativ dəhliz uydurmaqla Ermənistanı blokadadan çıxarmağa çalışır. Halbuki İrəvanın “Sülh kəsişməsi” layihəsi reallıqdan tamamilə uzaqdır”.


MANŞET XƏBƏRLƏRİ