İlham İsmayıl: “Rusiya görüş təşkil etməklə vasitəçiliyə qayıtdığını nümayiş etdirmək istəyirdi, amma alınmadı”
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Sözügedən toplantıda həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan da olub. Müəyyən ehtimallar vardı ki, Moskvada Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini bir araya gətirə, üçtərəfli görüş keçirə bilər. Görüşə bir neçə saat qalmış Kreml tərəfindən belə bir məlumat yayıldı ki, üçtərəfli görüşlə bağlı Rusiya tərəfindən təklif irəli sürülüb, amma imtina olunub.
Amma Rusiya Prezidenti ilə həm Azərbaycan liderinin, həm deə Ermənistan liderinin ayrı-ayrılıqda görüşü keçirilib, müxtəlif sahələr istiqamətində müzakirələr aparılıb.
Moskvada üçtərəfli görüşün baş tutmaması səbəblərini AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, belə bir görüşün, danışıqların baş tutmayacağı ehtimalı çox idi:
- Eyni zamanda, hələ MDB dövlət başçılarının görüşü başlamamışdan əvvəl Kreml açıqlama vermişdi ki, Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü olmayacaq. Moskvada ikitərəfli görüş isə ümumiyyətlə, gözlənilmirdi. Əslində nəticəsiz görüşün mənası yoxdur və bunu tərəflər başa düşürlər. Paşinyan Moskvada Əliyevlə görüşü heç istəmir. Məlumdur ki, üçtərəfli görüş, danışıqlar olacaqdısa, bu, 2020-ci ilin 10 noyabr Üçtərəfli Birgə Bəyanatı əsasında baş tutacaqdı. Həmin sənədin isə təkcə bir bəndi – 9-cu bəndi icra olunmamış qalır. Bu bənd də Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. İrəvan isə bu bəndin icrasında maraqlı deyil. Söhbət ondan getmir ki, Ermənistan nəqliyyat-kommunikasiyaların açılmasına razı deyil, yox, sadəcə Zəngəzur dəhlizində Rusiyanın nəzarətini istəmir. Əslində Ermənistan yox, Ermənistana dəstək verən Qərb buna qarşıdır. Paşinyan bilir ki, Moskvada danışıqlar, hansısa nəticələr əldə olunarsa, o zaman Qərb İrəvana təzyiq edəcək. Paşinyan hakimiyyəti isə Rusiyadan qopma, Qərbə yaxınlaşma kursunu götürüb.
Onu da bildirim ki, Rusiyada danışıqlarda, razılaşmalarda rəsmi Bakı da maraqlı deyil. Azərbaycanın mövqeyi bəllidir və bunu təklif edib. Söhbət ikitərəfli danışıqlarda maraqlıdır. Azərbaycan Bakı-İrəvan təkbətək danışıqlar formatında maraqlıdır və bu format müsbət nəticələr verir. Delimitasiya və demarkasiya məsələsində razılaşma, Qazaxın 4 kəndinin qaytarılması buna nümunədir. Yəni Bakı vasitəçisiz danışıqların tərəfdarıdır və bunu açıq şəkildə bəyan edib. Ona görə də Moskvada üçtərəfli görüşün baş tutmamasında qeyri-adi nəsə yoxdur.
- Amma Rusiya üçtərəfli danışıqlarda istəkli görünürdü...
- Əlbəttə, Rusiya çalışdı ki, üçtərəfli danışıqlar olsun, hansısa xırda da olsa, nəticə əldə edilsin. Rusiya görüş təşkil etməklə vasitəçiliyə qayıtdığını nümayiş etdirmək istəyirdi, amma alınmadı, plan baş tutmadı. Vasitəçilik istəyini Moskva heç gizlətmir də. Bundan əvvəl də Rusiya rəsmiləri tərəfindən Moskvanın vasitəçiliyə hazır olduğu bəyan edilib. Putin Bakıda səfərdə olarkən də bəyan etdi ki, Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara vasitəçilik etməyə hazırdır. Amma yenə deyirəm, Ermənistan bundan imtina edir. Çox güman ki, bu dəfə Kremlin üçtərəfli görüş təklifinə Ermənistan “yox” deyib. Çünki Paşinyanla bağlı Rusiya mediasında yayılan fotolar, rəsmilərin lağlağıya bənzər açıqlamaları da bundan qaynaqlanır. İrəvanın “yox” cavabı Moskvada əlbəttə ki, qıcıq yaradıb.
Azərbaycana gəlincə, yenə deyirəm, Azərbaycan ikitərəfli danışıqlarda maraqlıdır və bu mövqeyi bəllidir. Amma bununla yanaşı, Azərbaycan istənilən platformada da danışıqlardan imtina etmir. Yəni Bakı sülh danışıqlarını istənilən platformada, istər Qərb platforması olsun, istər Rusiya platforması olsun, aparmağa hazırdır. Çünki Azərbaycan haqlıdır və tələblərində qətidir. İstənilən platformada da mövqeyini ortaya qoymaqdan çəkinmir.
- Belə görünür ki, Rusiya-Ermənistan münasibətləri son dərəcə gərgindir. Amma digər yandan, iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə astronomik səviyyədə artıb. Sual olunur: gərginlik nədir, ticarət dövriyyəsinin bu qədər artması nədir?
- Çünki ticarət əlaqələrinin yüksək səviyyədə olması hər iki tərəf üçün sərfəlidir. Rusiya Ermənistan vasitəsilə sanksiyalardan yayınır, Ermənistan isə bu əməkdaşlıqdan qazanc əldə edir. Əlbəttə, bu, Qərbə məlumdur. Sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadədən Rusiya məmnundur. Əgər Qərb bunun qarşısını almaq istəsə, o zaman gərək o milyardları Ermənistana Qərb verə. Bunu isə Qərb vermək istəmir. Eyni zamanda, Qərb onu da bilir ki, Ermənistanın İranla da ticarət dövriyyəsi artır. Amma buna da bir söz demir. Halbuki İran Qərbin əsas düşmənlərindən biridir. Qərb də fikirləşir ki, hazırda Ukraynaya yardım edir, İsrailə yardım edir, maliyyə çox xərclənir. Hazır Qərbin siyasi kursunu rəhbər tutan Ermənistan Rusiya ilə ticarət əməkdaşlığından qazanırsa, o zaman qoy qazansın. Qərb bilir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı mövcuddur və bunu birdən-birə kəsmək olmaz. Bu asılılıq o zaman azala bilər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın, Türkiyə ilə sərhədlər açılsın, münasibətlər normallaşsın. Sülh isə imzalanmayıb, Türkiyə ilə münasibətlər normallaşmayıb. Ona görə də Qərb Ermənistanın Rusiya ilə ticarət əlaqələrinə mane olmur. Siyasi cəhətdən isə bəli, Rusiya-Ermənistan gərginliyi var və davam edir.
- Sülh sazişi demişkən, Azərbaycan Prezidenti Moskvada jurnalistin sülhlə bağlı sualına qısa cavab verdi və dedi ki, nə zaman bütün maddələr razılaşdırılacaq, o zaman saziş imzalanacaq. Paşinyan isə eyni suala cavabında Ermənistanın bu ay sülh sazişi imzalamağa hazır olduğunu söylədi. Bu cavablardan hansı nəticəyə gəlmək olar?
- Azərbaycan tərəfinin mövqeyi bəllidir və Prezident bundan əvvəl də sülhün şərtlərini elan edib. Bu şərtlər də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin ləğvi və Minsk Qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin qəbul edilməsidir. Ermənistan isə bu şərtlərin heç birini hələ yerinə yetirməyib və yaxın müddətdə yerinə yetirməkdə maraqlı görünmür. Prezidentin də “bütün məsələlər razılaşdırıldıqda saziş imzalanacaq” deməsi də bundan qaynaqlanır. Yəni Azərbaycan lideri bildirdi ki, Ermənistan şərtləri yerinə yetirməyib. Ermənistan isə bu şərtləri yerinə yetirmədən müqavilə bağlamaq istəyir. Yəni ki, İrəvan bir növ yarımçıq sülh sazişinin imzalanmasına hazır olduğunu bildirir. Əlbəttə, yarımçıq saziş bizə hardasa sərf etmir. Çünki bu sənədin dayanıqlı və etivarlı olmayacağı ehtimalı çoxdur. Bakı hesab edir ki, Ermənistan rəsmi şəkildə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirsə, Minsk Qrupunun Qarabağ ermənilərinin məsələsinin gələcəkdə gündəmə gətirilməsi üçün saxlanılmasında maraqlıdırsa, üstəlik, Ermənistanda revanşist əhval-ruhiyyə hələ də varsa, o zaman imzalanan sülh sazişi nə qədər dayanıqlı ola bilər?! Açığını deyim ki, ilkin çərçivə sazişini bəlkə də imzalamaq olardı. Çünki çərçivə sazişində Ermənistan Konstitusiyada dəyişiklik edəcəyini, Minsk Qrupu ilə bağlı müraciət məsələsində üzərinə öhdəlik götürə bilərdi. Amma ola bilsin ki, Azərbaycanda elə informasiyalar var ki, çərçivə sazişinin imzalanması məqsədəuyğun deyil.