Türkiyəli ekspert: “Qarabağ Zəfərindən sonra xüsusi sifariş var”


“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlarda mövqeyini yumşaltmağa hazır olduğu barədə söylədikləri Kiyevin münaqişəyə son qoymaq üçün strateji yanaşmasında potensial dəyişikliyin olduğunu göstərir. Qərb müttəfiqlərinin təzyiqi artdıqca, Zelenski sülhə nail olmaq üçün kompromis yollar axtarır”.

Turkustan.az-ın “Bloomberg”-ə istinadən verdiyi xəbərə görə, Zelenski “qələbə planı” təklif edib, lakin onun Vaşinqtonda soyuq qəbulu müttəfiqlərin daha praktik yanaşma gözlədiyini göstərir.

Xüsusilə ABŞ Ukraynadan təkcə hərbi yardımı deyil, həm də sənayenin inkişafı və maliyyə dəstəyini özündə birləşdirən yol xəritəsi tələb edir.

Bir tərəfdən, Kiyev Qərbin tələblərini nəzərə almalı, digər tərəfdən isə daxili dəstəyi itirməməlidir. Bu da onun ərazi bütövlüyü ilə bağlı mövqeyindən asılı olacaq.

Ukraynanın NATO-ya üzvlüyü məsələsi xüsusi diqqət çəkir. ABŞ-nin ikitərəfli təhlükəsizlik zəmanəti şəklində dəstəyi alyansa faktiki üzvlük kimi qəbul edilə bilər. Lakin Moskva bu ssenariyə qarşı çıxır və bu məsələdə kompromisin necə əldə ediləcəyi sual olaraq qalır.

Zelenskinin təklif etdiyi “sülh formulu”nun əsas elementi 1991-ci il sərhədlərinə qayıdış və rus qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Bu yanaşmaya daxildə dəstək var, lakin Rusiyanın müqaviməti ilə qarşılaşa bilər. Atəşkəs üçün ümumi qəbul edilmiş şərtlərin razılaşdırılmaması mövcud gərginliyi daha da artırır.

Türkiyəli hərbi ekspert Yücel Karauz “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi öz məqsədinə çatıb. Onun sözlərinə görə, təxminən 10 il bundan əvvəl hazırlanan müharibənin məqsədi Rusiyanın hərbi, iqtisadi və siyasi reputasiyasını zəiflətmək idi:

“Əvvəldən məlum idi ki, Ukrayna öz milli güc elementləri ilə bu müharibəni apara bilməyəcək. Onun Rusiyaya qalib gəlib, öz torpaqlarını xilas edə bilməyəcəyi əvvəldən bəlli idi. Daha sonra ona Qərbin köməyinə ehtiyacı olan bir dövlət kimi bu müharibəni aparmaq tapşırığı verildi. Nəticədə Qərb təxminən 38 milyard dollar yardım göstərdi. Amma hər iki tərəfdən minlərlə insan həlak oldu. Təxminən 7-8 milyon insan köçmələli oldu və ya ölkələrini tərk etdi. Müharibə indi kuliminasiya nöqtəsinə çatıb.

Hər iki tərəfin bir-birinə qalib gəlmək şansı zəif görünür. Təbii ki, bu halda üstünlüyə malik olan və uduzan, amma əslində qazanan tərəf Rusiyadır. Olan Ukraynaya oldu. Amma bu məsələni tam həll etməyəcəklər. Yəni, atəşkəs, sülh razılaşması əldə oluna bilər.

Amma sülh müqaviləsi uzun illər lazım gəlir. Çünki biz dünyada ədalətsiz və qanunsuz sülhün nələr gətirdiyini görmüşük. Ona görə də atəşkəsə nail olmaq olar, silahlar səssiz qala bilər, Qərb timsah göz yaşları ilə daha sonra Ukraynanın yenidən qurulması üçün daha 30-35 milyard yardım ayırar”.

Ekspert bildirib ki, Qərb təhlükənin Polşaya və Avropaya doğru getməsini istəmir:

“Qərbin vəzifəsi Ukraynanı dəstəkləmək, onu təxribata çəkmək və ərazisindən uzaq durması üçün Rusiya ilə müharibə vəziyyətində saxlamaqdır”.

Həmsöhbətimizin fikrincə, son zamanlar dünyanın yeni regionlarında münaqişə imkanları artır:

“ABŞ bildirib ki, İsrail-Fələstin münaqişəsi başlayanda, onun birinci prioriteti İsrail və Fələstin münaqişəsi olub. Qərbin sonsuz resursları yoxdur. Qərbdə iqtisadi problemlər, dünyada tənəzzül var. Ona görə də təbii ki, prioritet İsrail və Yaxın Şərqə keçəcək. Mümkün münaqişə zonalarından biri də Qafqazdır.

Təxminən dörd ilə yaxındır Ermənistan vasitəsilə hazırlanmış ssenari var. Qarabağ Zəfərindən sonra Qafqaz üçün də sifariş hazırlanıb. Yaxın gələcəkdə Mərkəzi Asiyada, yəni Çinə yaxın regionlarda, eləcə də Tayvan, Cənubi Koreya və Şimali Koreya kontekstində yeni münaqişələrin ola biləcəyi proqnozlaşdırılır.

Bütün bunlar siyasi kinodur, teatrdır, addım-addım Üçüncü Dünya müharibəsinə aparır. Bu, son nəticədə ABŞ-Çin müharibəsinə qədər, yəni nüvə silahlarının artıq asanlıqla istifadə oluna biləcəyi, dünyanın sonunu gətirəcək müharibəyə qədər davam edəcək”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ