Ağ Ev niyə bu yolu seçdi? - Bakıya “hücum”un arxasında bu qüvvələr var


ABŞ-ın son zamanlar Azərbaycanla bağlı tutduğu yol şantaj və qarayaxma kampaniyasına əsaslanır. Erməni lobbisinin istək və arzularının ifadəsi olaraq bu gün ABŞ Dövlət Departamenti və konqres ölkəmizə qarşı əsassız iddialarla çıxış edir. Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində erməni lobbisinin dəstəyini almaq istəyirlər.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Bu il həmçinin ABŞ konqresinə və senata qismən seçkilər keçiriləcək. Ona görə də, bir sıra konqresmenlər, ABŞ administrasiyasının nümayəndələri erməni icmasından dəstək almaq üçün Azərbaycana qarşı belə bir şou həyata keçirməyə çalışır. Niyyətləri erməniləri razı salmaqdır”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, ABŞ-da olan erməni diasporu sülh istəmir:

“Gərginliyi artırmaq, Amerika-Azərbaycan münasibətlərini pozmaq niyyətindədirlər. Əslində onların fəaliyyəti ABŞ-ın özünə zərbə vurur. Azərbaycana, Türkiyəyə qarşı Ağ Evin münasibətlərində kəskin dəyişiklik edilir. İllər boyu Amerikaya dəstək verən, hərbi əməliyyatlarda ABŞ-ın təhlükəsizliyini təmin edən ölkələrlə münasibətlər pozulur. Seçki öncəsi kampaniyada məhz Azərbaycan və Türkiyəyə qarşı bu taktikadan istifadə edirlər”.

Asim Mollazadə bildirib ki, Azərbaycana istənilən yolla edilən təzyiq nəticəsiz qalacaq:

“Çünki Azərbaycan müstəqil ölkədir. Bakıya qarşı aparılan bu kimi əsassız kampaniyalar onların öz maraqlarına böyük ziyan vuracaq. Ermənistan isə bir dövlət kimi zəifdir və başqalarının arasında var-gəl edərək nələrsə qazanmağa çalışır. İrəvan Amerika, Rusiya və İran arasında oyunlar oynayır. Bu ziddiyyətli siyasət isə Ermənistana heç bir fayda vermir”.


MANŞET XƏBƏRLƏRİ