Azərbaycana qarşı 2010-cu il “ssenarisi”: “Qərbi Ermənistan ideya”sının pərdəarxası...


"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın sülhdə maraqlı olmadığını iddia edib. Bunu Bakının sülh razılaşmasına əlavə şərtlər və şərhlər daxil etməsi ilə izah etməyə çalışıb. Əlavə şərtlər və şərhlər dedikdə nəyi nəzərdə tutur?

- Ermənistanın baş naziri danışıqlar prosesini manipuliyasiya edir. Əslində Paşinyan Azərbaycanın danışıqlar prosesində əsas tələblərinin nədən ibarət olduğunu yaxşı bilir. Ona görə də, burada Azərbaycanın heç bir əlavə şərti yoxdur. Yeganə şərt odur ki, Azərbaycan əraziləri ilə bağlı Ermənistan konkret mövqe sərgiləməlidir. Bu gün Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edə bilər. Amma sülh müqaviləsinin dayanıqlı, möhkəm olması üçün mütləq şəkildə Ermənistan konstitusiyasında dəyişikliklərə ehtiyac var.

- Maraqlıdır ki, Paşinyan niyə konstitusiya dəyişikliyinə getmir?

- O, sülh istəyirsə, danışıqlar prosesində əvvəlcədən elan edilmiş hüquqi məsələlərin həllinə çalışmalıdır. Hazırda bu istiqamətdə müzakirələr getdiyi bir vaxtda erməni cəmiyyətində tam sakitlik hökm sürür. Erməni müxalifəti müəyyən mənada Paşinyana etirazını bildirsə də, bu narazılıqlar onların arxasında böyük kütlənin olması ilə təzahür etmir. Ona görə də, Paşinyan Azərbaycanın tələblərinə əməl etməlidir.

- Ermənistanın Xarici İşlər nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir. Bunu Azərbaycana qarşı guya ərazi iddialarının olmaması kimi izah etməyə çalışırlar...

- Ermənistan Konstitusiya Məhkəməsi bu gün qərar çıxara bilər. Bu, pis yanaşma deyil. Amma Konstitusiya Məhkəməsinin qərarı bir müddətlik ola bilər. Daha sonra bu qərarın dəyişdirilməsi də mümkündür. O zaman nə olacağı maraqlıdır. Konstitusiya Məhkəməsinin qərarı ilə əslində onlar ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində İrəvanın guya sülhmeyilli olduğunu ortaya qoymağa çalışıb. Reallıqda isə bu belə deyil. Ermənistan sülhdən tamamilə uzaq bir davranış həyata keçirir.

- Amma unutmaq olmaz ki, Ermənistan tərəfi hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyi faktı ortadadır...

- Ermənistanın sabiq prezidenti hərbi cani Serj Sərkisyanın dövründə Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atıldı. Amma daha sonra Ermənistan parlamenti prezidentin qərarlarını qəbul etmədi. Həmin vaxt erməni rəhbərliyi bilərəkdən Türkiyə ilə ABŞ-ın vasitəçiliyi ilə özünü sülhpərvər kimi göstərməyə cəhd etdi. Türkiyə ilə bağlı sonradan olan proseslər isə hər kəs məlumdur. O vaxt Ermənistan öz konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaları konstitusiyasından çıxarmağa belə cəhd etmədi. “Qərbi Ermənistan” anlayışından imtina edilmədi və Türkiyə ilə imzalanmış sənədi Ermənistan parlamenti ratifikasiya etmədi. Əslində bu, böyük bir təcrübədir. Azərbaycan da məhz ABŞ-la birgə keçirilən görüşlərdə bunu deyib. Təəssüf ki, Ermənistana bu məsələdə Qərb heç bir təzyiq metodlarından istifadə etmir. Əgər Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirsə, o zaman İrəvana təzyiq edərək onun hüquqi sənədlərində yer alan əsassız ərazi iddialarının ləğv edilməsinə çalışmış olardı.

- Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda təşkilata üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Amma rəsmi İrəvan davamlı olaraq Almatı razılaşmasına istinad edir. Bu, hansı məntiqlə izah oluna bilər?

- Almatı razılaşması ümumi bir sazişdir. Orada ərazi bütövlüyü və sərhədlər məsələsinə aydınlıq gətirilmir. Burada heç bir parametr yoxdur. Almatı sazişinin özünü Ermənistan rəhbərliyi daha sonra isə hərbi cani Robert Köçəryan istədiyi kimi şərh edirdi. Onlar "Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini tanıyırıq" desələr də "Qarabağ o vaxt Bakının hüquqi nəzarətində deyildi" kimi saxta iddialar səsləndirirdilər. İndi də Ermənistan rəhbərliyinin atacağı addımların dayanıqlılığı üçün erməni xalqı legitim əsaslarla referenduma gedib Azərbaycanla hansı münasibətləri istədiklərini bəyan etməlidir. Bu halda Ermənistan rəhbərliyi də öz mövqeyini ifadə etmiş olardı. Erməni xalqına imkan yaradılmalıdır ki, onlar Azərbaycanla sülh və ya müharibə sualına aydınlıq gətirsin. Erməni cəmiyyətinin Azərbaycana qarşı ərazi iddiasının olub-olmamasını ancaq referendum vasitəsi ilə müəyyənləşdirmək olar.

- Həmçinin Ermənistan XİN Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə istifadə etdiyini iddia edir. Belə bir risk varmı? İrəvanın COP29-u gözdən salmaq taktikası gündəmdədir...

- Ermənistan Qərbdəki tərəfdaşları ilə Azərbaycanda keçiriləcək COP29-a kölgə salmaq üçün qəti və sistemli addımlar atır. Bu ölkənin rəhbərliyinə yaxın olan Qərbdəki müxtəlif siyasətçilər, deputatlar, hökumət təmsilçiləri əsassız olaraq Azərbaycana qarşı son bir ayda qarayaxma kampaniyasına xidmət edən bəyanatlar verir. AŞPA-nın son sessiyasında bəzi ölkələrin nümayəndələrinin çıxışı, bir çox ölkələrin parlamentləri tərəfindən müxtəlif hökumətlərə sorğuların göndərilməsi onu göstərir ki, Azərbaycana qarşı məkirli addımlar atmaq niyyətindədirlər. COP29-dan sonra da Qarabağdan guya ermənilərin güclə çıxarılması ilə bağlı Ermənistan qeyri-adekvat mövqeyini öz tərəfdaşları ilə nümayiş etdirmək niyyətindədir. Hazırda Ermənistanın “taktikası” ondan ibarətdir ki, özünü sülhpərvər göstərir, bununla bağlı çıxışlar edir, bəyanatlar səsləndirir. Arxa fonda onlar Qərb tərəfdaşları ilə Azərbaycana qarşı çirkin mövqelərini sərgiləmiş olurlar.


MANŞET XƏBƏRLƏRİ