Qərbin Azərbaycana qarşı saxta iddialarının detalları - Əsl hədəf nədir?


Qərb platformalarında – media və təşkilatlar üzərindən Azərbaycana qarşı “insan haqları”, “demokratiya”nın pozulması kimi ittihamlar intensivləşib. Əsas iddia Azərbaycanda “jurnalistlərin həbsi”, “siyasi məhbusların” olması kimi klassik məsələlərdir. Ki, eyni ittihamlar əsassız şəkildə hər il güdəmə gətirilir, Qərbin “nüfuzlu” media orqanları da heç bir əziyyət çəkmədən arxivlərində saxladıqları qərəzli materialları olduğu kimi yenidən dərc edirlər.

Azərbaycana qarşı kampaniyalarda təşkilatçı qüvvələr və istifadə edilən platformalar dəyişməz olaraq qalır: ABŞ Dövlət Departamenti, ABŞ Konqresi, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi təşkilatlar.

“İnsan haqları”, “demokratiya” kimi prinsiplərlə pərdələnən kampaniyada iki ana hədəf var.

Birincisi, Qərbin Azərbaycandakı şəbəkəsini qorumaq, bu şəbəkənin ifşasının qarşısını almaq, yaxud ən azı rəsmi Bakıya təzyiq edərək, geri çəkilməsinə nail olmaqdır.

İkincisi, Ermənistanın maraqlarının müdafiə edilməsidir.

Qarabağ münaqişəsi mövcud olduğu dövrdə hədəf Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonun qorunub saxlanılması idi. 44 günlük müharibədən sonra – 2020-2023-cü illə arasında Xankəndində qalmış erməni separatizmini müdafiə etməyə çalışırdılar. Hazırda hədəf sülh danışıqlarında Ermənistanın mövqeyinin müdafiə edilməsi, rəsmi İrəvanın əlinin gücləndirilməsi, o cümlədən, həbsdə olan separatçıların azad edilməsinə nail olmaqdır.

Bunu Azərbaycanla bağlı məsələlərin müzakirəsində və ittihamlarda aydın görmək olur.

ABŞ Dövlət Departamentinin hər il yayımladığı hesabatlarda Azərbaycan “insan haqları”nın pozulduğu ölkə kimi təqdim edilir, halbuki, irəli sürülən ittihamların heç bir əsası yoxdur.

1. Vaşinqtonun “həbsdə olduğunu iddia etdiyi jurnalistlər” Azərbaycanda Media haqqında qanuna görə media fəaliyyəti ilə məşğul olmayıb;

2. Onların məsuliyyətə cəlb edilməsi konkret qanun pozuntusu - ölkəyə külli miqdarla pulun qeyri-qanuni yolla daxil edilməsi, qaçaqmalçılıq fəaliyyətinin göstərilməsi - əsasında baş verib;

3. ABŞ-ın “siyasi məhbus” olaraq təqdim etdiyi şəxslərin böyük əksəriyyəti Azərbaycanda konstitusiya quruluşunu devirməyə və “şəriət rejimi” qurmağa çalışanlardır. Misal üçün, “Müsəlman hərəkatı” birliyinin üzvləri Vaşinqton tərəfindən “vicdan məhbusu” olaraq qəbul edilir;

ABŞ-ın əsas hədəfi Azərbaycandakı şəbəkəsini qorumaqdır. Çünki “qrant qaçaqmalçılığı” işi bu şəbəkəni ciddi şəkildə ifşa etdi və həm Vaşinqtonun təsir rıçaqlarını zəiflətdi, həm də şəbəkə daxilində nüfuzunu zədələdi. Bu baxımdan, Dövlət Departamenti Bakıya qarşı əsassız ittihamlarla “əlimdən gələni edirəm” görüntüsü yaradır.

Eyni siyasət ABŞ Konqresində erməni maraqlarının müdafiə edilməsi fonunda davam etdirilir. Erməni lobbisinin üzvləri qondarma ittihamlarla “ siyasi məhbus” iddialarını gündəmə gətirirlər. Misal üçün, “Azərbaycan COP-29 tədbiri ərəfəsi siyasi məhbusları azad etməlidir” iddiasını irəli sürən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben (Benjamin) Kardin Amerika Ermənilərinin Milli Konqresinin (ANCA) fəxri üzvüdür, qondarma “erməni soyqırımı”nın əsas müdafiəçilərindəndir. Ben Kardin 44 günlük müharibə müddətində və sonra Azərbaycana qarşı Ermənistanın maraqlarını müdafiə edən çıxışlar edib. Onun çağırışında məqsəd “demokratiya”, yaxud “insan haqları” yox, məhz erməni maraqlarının müdafiə edilməsi üçün Bakıya təzyiq xarakteri daşıyır. Konqresin 60-a yaxın üzvünün Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi üçün ABŞ hökumətinə ünvanladığı müraciətin də məqsədi erməni maraqlarının müdafiəsidir. Müraciətdə əsas ittihamın “ermənilərin Qarabağdan çıxarılması” iddiasından ibarət olması da bunu isbat edir.

Analoji hal Avropada da baş verir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının ləğv edilməsi məhz erməni maraqları naminə Bakıya təzyiq etmək məqsədi daşıyırdı. AŞPA-nın sonuncu iclasında irəli sürülən ittihamlar da “ermənilərin Qarabağa qaytarılması” kimi fikirlərə əsaslanıb. Eyni ittihamlar Avropa Parlamentinin qəbul etdiyi qərarlarda da əksini tapır və “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi təşkilatlar bu ittihamlar əsasında hesabatlar hazırlayır, Qərb mediası da eyni motivli təbliğat həyata keçirir.

Faktlar sübut edir ki, Azərbaycanla bağlı səslənən iddialar birmənalı olaraq siyasi məqsədlərə hesablanıb və Qərb şəbəkəsini qorumağa, paralel olaraq, Ermənistanın maraqlarının müdafiəsinə çalışırlar. Və bu prosesdə anti-Azərbaycan dairələrlə erməni diasporu/lobbisi eyni çətir altında fəaliyyət göstərir, “insan haqları”, “demokratiya” kimi bəşəri prinsipləri məhz öz maraqlarının alətinə çevirirlər.

Kampaniyanın yenidən aktivləşməsi də təsadüfi deyil. Hədəf noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiridir. Adətən belə tədbirlər beynəlxalq diqqəti xüsusilə cəlb edir. Erməni diasporu/lobbisinin də yer aldığı anti-Azərbaycan dairələrin hədəfi beynəlxalq diqqətin Bakıya yönəldiyi COP-29 ərəfəsində qarayaxma kampaniya apararaq, birdən çox hədəfə nail olmaqdır.

- Qeyri-qanuni fəaliyyətə görə məsuliyyətə cəlb edilən Qərbə bağlı şəbəkənin sərbəst buraxılması və istədikləri kimi, yəni qanunu pozsalar belə, sərbəst fəaliyyətinin təmin edilməsi;

- Rəsmi Bakıya təzyiq edərək, sülh danışıqlarında İrəvanın mövqeyinin qəbul etdirilməsi şəraitini yaratmaq;

- Bakıda həbsdə olan separatçıların azad edilməsinə nail olmaq: Qərbdə “Azərbaycandakı siyasi məhbuslar” dedikdə həm də bu separatçılar nəzərdə tutulur;

Bütün bunlar Qərbin anti-Azərbaycan kampaniyasının gerçək hədəflərinin nədən ibarət olduğunu göstərir.

Asif Nərimanlı
(publika.az)


MANŞET XƏBƏRLƏRİ