Osmanlıdan sonra pozulan düzən: Yaxın Şərqdə İrana kim meydan verdi?


Son 3000 il insanlıq tarixini yazılı mənbələrinə baxanda görürsən ki, Yaxın Şərq, indiki Suriya, İraq, İran, Livan ərazilərində daim qan tökülüb, müharibələr, münaqişələr bitməyib. O torpaqların ara-sıra böyük imperiyaların himayəsində olan dövrlərdə nisbi sabitlik yaşanıb, məsələn, Osmanlı dövründə bölgədə müharibələrin, qan-qadanın sayı azaılıb.

Turkustan.az xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son illərdə Yaxın Şərqdə qan-qada, ölüm-itim bitmir, bitmək bilmir:

“Fələstin məsələsinin ədalətli həlli olmasa, bu münaqişə bitməyəcək, problem də odur ki, hamının, bütün dünyanın “iki dövlət modeli” kimi təqdim etdiyi həll yolu da, ancaq sözdən, siyasi bəyanatdan ibarətdir, konkret addımları ard-ardına düzüb işlək bir plan təqdim edən yoxdur.

Son 20-25 ildə bölgədə yeni, əvvəllər olmayan bir dəyişiklik baş verib ki, bu da münaqişəni daha da dərinləşdirib. ABŞ və Qərb koalisiyasının İraq və Suriyaya müdaxiləsi, nə qədər qəribə səslənsə də, ən çox İranın işinə yaradı. Düşüncəsiz kənar müdaxilə ən çox Qərbin, elə İsrailin də təhlükəsizliyinə təhdid yaratdı.

Qərbin müdaxiləsi nəticəsində Avropaya milyonlarla qaçqın ordusu getdi, qardaş Türkiyə üçün təhdidlər artdı, İran bölgədə özünün geniş və yaxşı təşkilatlanmış proksi güclərini yaratdı. Suriya, İraq, Yəmən, Livan və Fələstində İran oyunqurucu, özünə bağlı militanlarla söz sahibinə çevrildi. Təsəvvür edin ki, bu gün İranın iştirakı olmadan İraqda hökumət qurulmur, Suriyada Əsəd ayaqda qala bilmir, Livanda dövlət içində dövlət olan “Hizbullah” güclü, Yəməndə idarəçilik husilərin əlində olmur.

İran Qərbin öz siyasi-hərbi texnologiyaları ilə proksi qüvvələr quraraq bölgədə əsas söz sahiblərindən birinə çevrildi. Bu gün baş verənlər təkcə Fələstin, Livan, Yəmən məsələsi deyil – Qərbin son 20-25 ildə apardığı səhv siyasətin nəticələrinin aradan qaldırılması məsələsidir.

İran öz ətrafında yaratdığı ciddi ideoloji gücü ilə İsrail və Qərbin atdığı haqsız addımlardan qaynaqlanan inandırıcı hekayəsi olan təşkilatları ayaqda saxlamağa çalışır, amma bu, elə də asan deyil. Bu güclər o qədər böyüdü ki, onları saxlamaq üçün ildə yüz milyonlarla dollar yetmir, artıq milyardlarla dollara ehtiyac yaranır. İranın isə bu qədər pulu, gücü, texnologiyası yoxdur, deməli, böyüyən güclər - proksilər artıq İran üçün də problemə çevriləcək, hətta çevriliblər. Proksilər o qədər gücləndilər ki, artıq İran üçün də problem yaradırlar, onlar Tehranı daim “ağsaqqal” kimi davranmağa, cavab verməyə, onlara arxa-dayaq olmağa məcbur edirlər. İran isə artıq bunu ya istəmir, ya bacarmır, ya da qurduğu proksiləri Qərblə yaxın zamanlarda baş tutacaq fundamental anlaşmalarda istifadə etmək istəyir”.

Natiq Cəfərli hesab edir ki, İran proksilər və Rusiya ilə yaxşı əlaqələrini Qərblə anlaşmada xərcləyə bilər:

“İran anlayır ki, sabah bu proksilərə pulu çatmasa, başqa pullu oyunçular ortalığa çıxıb həmin militan gücləri arxasına alacaq, bir müddət sonra isə elə Tehranın özünə qarşı istifadə edəcəklər. Ona görə də, düşünürəm ki, bu gün İran əlində olan bütün aktivləri – proksilər, Rusiya ilə yaxşı münasibətlər və sairi Qərblə bazarlıqda istifadə etməyə hazırlaşır. Əgər Qərbdən çox yaxşı təklif gələrsə, bütün aktivləri onlara “satacaq”.

Bu gün Yaxın Şərqdə həm də gələcək işlək yeni logistik marşrutlar uğrunda mübarizə gedir. Bu məsələdə maraqlı güclər çox, uzlaşa biləcəkləri nöqtələr isə azdır və ya demək olar ki, yoxdur”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ