İki addım irəli, bir addım geri - Rusiya və Ermənistan müttəfiqliyi davam edir


“2018 - ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiya və Ermənistanın münasibətlərinin gərginləşməsi müşahidə edilsə də baş verən hadisələrin sadəcə görüntü olduğuna dair faktlar ortaya çıxıb. Rus meyilli Qarabağ klanını əvəz edən və özünü qərbmeyilli siyasətçi kimi təqdim edən Nikol Paşinyan üzdə Rusiya ilə münasibətlərdə gərgin olduğunu göstərsə də arxa fonda iki dövlətin arasında əməkdaşlıq mühiti yüksələn xətlə davam edib”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev söyləyib.

Ekspert:

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, “iki ölkə arasında ticarət dövriyyəsi bu ilin sonuna kimi 14 milyard dollardan 16 milyard dollara çatacağı gözlənilir. Bunu Rusiya - Ermənistan hökumətlərarası komissiyanın iclasında Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Maraqlıdır ki, Azərbaycanla strateji müttəfiq olan Rusiyanın ölkəmizlə ticarət dövriyyəsi 4,4 milyard dollar təşkil edir. Bunun fonunda getdikcə münasibətləri pisləşən, yada belə bir görüntü yaradılan Rusiya ilə ticarət dövriyyəsinin fantastik həddə, 16 milyard dollara çatması suallar doğurur. Moskvaya bu cür ticarət sərf edir. Rusiya hazırda Qərbin ağır sanksiyaları altındadır, buna görə öz mallarını başqa ölkələrin vasitəsi ilə bazara göndərir. Buna görə də Ermənistanın Qərblə yaxınlaşmasına göz yumur. Çünki bu yaxınlaşma elə Rusiyanın özünə sərf edir. İrəvan hazırda Moskvanın Qərbin sanksiyalarından qoruyan əsas ölkədir. Bütün bu faktlarla bağlı Azərbaycanda fəaliyyət göstərən Qeyri - Hökumət Təşkilatları ABŞ və Avropa birliyinin Rusiya ilə qarşı sanksiyalara nəzarət edən qurumlarına və məsul şəxslərinə açıq məktubla müraciət ünvanlayıblar. Müraciətdə Ermənistanın konkret əməlləri göstərilir. Bir tərəfdən Rusiya qarşında təkləndiyini iddia edib Qərbdən dəstək alan İrəvan digər tərəfdən Rusiya ilə ticarəti genişləndirir. Şübhə yoxdur ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. 2021 - ci ildə 2,6 milyard dollar təşkilat edən ticarət dövriyyəsinin 3 il sonra 16 milyard kimi fantastik rəqəmə yaxınlaşması bir çox həqiqəti də acığa çıxarır”.

Politoloq əlavə olaraq bildirib ki, “ən böyük sual budur ki, Ermənistanın nəyi var ki, Rusiya onunla bu böyüklükdə ticari əməkdaşlıq qurub ? Həmdə iki ölkənin rəsmiləri arasında qarşılıqlı tənqidlərin müşahidə olunduğu bir dövrdə. Müqayisə üçün böyük potensialı olan Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu rəqəmdən qat - qat aşağıdır. Əlbətdə ki, Ermənistan bunu rəqəmi öz müstəqil iqdisadiyyatı hesabına əldə etməyib. Əsasən iki təyinatlı malların təkrar ixracı və geri alınması bu rəqəmə çatmağa imkan verib. İrəvan Qərb sanksiyalarından yan keçmək üçün müxtəlif sxemlər üzrə hərəkətlər həyata keçirib. Moskva özü qazanmaqla bərabər İrəvanı da ayaqda tutmaqda davam edir. Buna görə də nə Ermənistanın KTMT üzvlüyünü dondurulmasına, nə Avropa Birliyinin müşahidə və kəşfiyyat missiyasının regiona gətirməsinə, nə də Ermənistanı tamamilə Qərbin forpostuna çevirən üçtərəfli bəyanata səs çıxarmadı. Çünki bu ikilinin oyun qaydası üzrə hərəkəti idi. Qərblə daha çox yaxınlaşmaq, amma Rusiya ilə ticarəti genişləndirmək. Ermənistan öz keçmiş ağasına hazırda böyük xidmət göstərərək Qərbin sanksiyası qarşında onun üçün nəfəslik rolunu oynayır. Ermənistanın ixrac etdiyi 8,4 milyard dolların 21,5%-i və ya 1,8 milyard dolları qızıl, 7%-i və ya 589 milyon dolları almaz ixracı olub. Ümumilikdə, bütün ixracın 28,5%-i Rusiya qızıl və almazlarının Birləşmiş Ərəb Əmirlikləri və Honkonqa təkrar ixracının payına düşür. Göründüyü kimi Rusiya öz qiymətli ehtiyatlarını dünya bazarına Ermənistan vasitəsi ilə çıxarır. Digər halda acından ölən Ermənistanda bu qədər qızıl və almaz hardadır ki, digər ölkələrə bunu göndərsin ? Bəs Ermənistan Qərbin onun özünə qarşı da sanksiya tətbiq edəcəyindən qorxmur ? Bu ölkələrin İrəvanı " ərköyün uşaq " başını sığallaması, yardım etməsi İrəvanı ruhlandırır. Görünür ki, Paşinyan Kremli əmin edib ki, bu kimi gizli ticarət üçün onun ölkəsi ən gözəl variantdır, çünki Qərbdə onu sıxmayacaqlar. Bu vəziyyətdən isə həm İrəvan, həm də Moskva istifadə edir. Həqiqətəndə də Qərb ölkələri Ermənistanın bu davranışını görmürlər. Ya da görməzdən gəlirlər. Maraqlıdır ki, Rusiya ilə ticarətinə görə Ermənistana iqtisadi sanksiyalar tətbiq etməli olan Qərb əvəzində bu ölkəyə yardımlar göstərir. Avropa Birliyi Ermənistana 2,6 milyon avro ayırıb. Həmçinin ABŞ - da dəstəklər gəlməkdir. ÜSAİD Ermənistana ayırdığı yardımı 120 milyon dollardan 250 milyon dollar qədər artırıb. Bu dövlətlər eyni zamanda Ermənistana silahlı yardım da göstərirlər. Qarşılıq formada göstərilən dəstəklər onu sübut edir ki, Qərbin məqsədi heç də Ermənistanı Rusiya qarşında qorumaq deyil. Hər iki düşmən qüvvə bir - birinin Ermənistana verdiyi dəstəyə göz yumur. Eyni zamanda onu sürətlə silahlandırırlar da. Açıq mənbələrdən əldə edilən məlumata görə Rusiya Ermənistana silah tədarükünü də bərpa edib. Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan məlumatı təsdiq edib və alışların artıq həyata keçirildiyini bildirib. Ermənistana verilən silahların içində " Smerç " raketlərinin xüsusi üstünlük təşkil etdiyi bildirilir. Qeyd etmək yerinə düşər ki, 2022 - ci ildən sonra Rusiyadan Azərbaycana bir patron belə satılmayıb. Rusiya Azərbaycanla müttəfiqlik münasibətləri olduğu halda Bakıya Ukraynadakı müharibəyə görə gözləməyi təklif edib. Ancaq məsələ Ermənistan olduğu zaman bütün qapılar açılır. Təbii ki, bu silah satışı da bəhs edilən ticarət dövriyyəsinə bağlıdır. Ermənistan Rusiyaya sədaqət göstərdiyi üçün Moskvada onu bu şəkildə mükafatlandırır. Demək ki, imzalanan çoxsaylı müqavilələrin, xüsusilə də strateji müttəfiqlik haqqında müqavilənin heç bir əhəmiyyəti yoxdur. Həm Qərb, həm Rusiya Ermənistanı silahlandırır. Həm Qərbin, həm Rusiyanın Ermənistanda hərbiçiləri var. O zaman belə nəticəyə gəlmək olar ki, bu qədər tədarük nə Qərbə qarşı deyil, nə Rusiyaya qarşı ? Bəs verilən bu silahlar, ayrılan bu qədər maliyyə kimə qarşıdır ? Sualın cavabı isə çoxdan hər birimizə məlumdur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ