Erməni türkoloq: “Azərbaycanla hərbi əməliyyatların baş verəcəyi ehtimalını görmürəm”


Hazırda Ermənistan üzərindən dəhliz açmaq məqsədi ilə hərbi əməliyyatların baş verəcəyi ehtimalını görmürəm.

Turkustan.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan NEWS.am-ın müxbiri ilə söhbətində bildirib.

“Belə addımı yalnız Azərbaycan ata bilər. Bununla belə, Bakının belə bir addım atacağını düşünmürəm, o cümlədən COP29-dan sonra da. Azərbaycan əlavə güzəştlər qoparmaq üçün Ermənistana təzyiq etmək yolu ilə gedəcək. Amma bu, sadəcə proqnozdur, İlham Əliyev gözlənilməz addımlar atır”, – deyə o qeyd edib.

Onun fikrincə, Ermənistandan keçən dəhliz məsələsi İran-Rusiya münasibətlərinin inkişafına ciddi maneə yaratmayacaq.
Safrastyan izah edib ki, Rusiya və İran strateji müttəfiqlik səviyyəsinə çata bilər, baxmayaraq ki, bu çətin prosesdir, çünki onların imperiya dövründən, o cümlədən Cənubi Qafqazda problemləri var.

Ermənistan ərazisindən keçən dəhliz məsələsində Rusiya və İranın yanaşmalarında fikir ayrılıqları var, lakin bu, onların müttəfiqlik münasibətlərinin qurulmasına mane olacaq şəkildə deyil.

Safrastyan xatırladıb ki, bu ölkələr Azərbaycandan keçməklə “Şimal-Cənub” dəhlizi layihəsi ilə birləşir və bu, Rusiyaya Hindistan və Çinlə həyati əhəmiyyət kəsb edən əlaqə yaratmaq imkanı verir.

“Bunun fonunda Türkiyə İran-Rusiya münasibətlərinin pisləşməsinə ümid edərək gözləmə mövqeyini tutub. Bu, Türkiyə üçün mücərrəd maraq kimi görünür, çünki bu dəhlizin dəmir yolu layihəsinin reallaşdırılması sürətlə irəliləmir”, – deyə türkoloq yekunlaşdırıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ