ABŞ-ın Azərbaycanla bağlı yeni planı – İki ölkəyə tapşırıq verildi


“Hansı aktorlar ki, milli maraqlar kontekstində siyasət yürüdür, itaətkar müttəfiq olmur, ABŞ və Qərb onları həzm edə bilmir. Qərbin Azərbaycanda “mərc” kəsdiyi fiqurlar, “5-ci kolon” sıradan çıxır. Bu baxımdan yeni qurbanlar axtarışındadır”.

Bunu Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Qərbin Azərbaycana qarşı ikili standartları və Avropa Şurası Parlament Asambleyasının (AŞPA) almaniyalı deputatı Frank Şvabenin qərəzli mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb bu qurbanları xaricdən də seçir:

“Onlardan biri Frank Şvabedir. Keçmiş təcrübələrdən görünür ki, Şvabe də istifadə olunub bir kənara atılacaq. Qərb “insan hüquqları” adı altında uydurduğu, reallıqda isə özünün tətbiq etmədiyi nağıllardan yararlanaraq daxili işlərə müdaxilə edir. Bütün dünya onların miqrantlara qarşı alçaldıcı rəftarının şahididir. Qərb dairələri bu yolla davam edərsə, Azərbaycan Avropa Şurasından tamamilə çıxa bilər.

Ümumiyyətlə, regional və beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqlar artır. Bu fonda yeni dünya nizamının konturları daha da aydın görünməyə başlayıb. Çin-Azərbaycan-Rusiya üçlüsünü əsas götürməklə sözügedən aktorların hər birinin də öz aralarında olan münasibət və əməkdaşlıqları fonunda, Ermənistanın buna əks olan cəbhələrə doğru meylini görürük. Həmin cəbhə regionda Azərbaycanın artan nüfuzu fonunda rəqiblərinin güclənəcəyini düşünür. Bu səbəblə Ermənistanla əməkdaşlıqda maraqlıdır. İrəvanın Seul və Tokio ilə münasibətlərinin inkişafının cavabı məhz bu amildədir”.

Ekspert deyib ki, hazırkı proseslərdə orkestrin çubuğu ABŞ-ın əlindədir:

“Məhz Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Bakıya qarşı tuşlayıb. Beynəlxalq düzənə baxdığımız zaman görürük ki, Cənubi Koreya da, Yaponiya da təhlükəsizlik baxımından bütövlükdə ABŞ-dan asılıdır. Bu ölkələr rəsmi Vaşinqtonun Asiya-Sakit Okean hövzəsində sadəcə müttəfiqi yox, həm də peyki qismində çıxış edirlər. Cənubi Koreya və Yaponiya hərbi avadanlıqların istehsalını ABŞ lisenziyasının verilməsi ilə reallaşdırır, həm də bu prosesdə onun texnologiyasından istifadə edirlər.

İstər sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Seula səfəri, orada bir sıra görüşlər keçirməsi, istərsə də sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya işgüzar səfəri bunu sübut edir. Digər bir fakt odur ki, Ermənistan sürətlə silahlandırılır. Onun zirehli tanklarla təmin olunması bu işin bir parçası olduğu qədər, həm də xüsusi diqqət yetirilməli məsələdir”.


Şəbnəm Həsənova

Ş.Həsənova deyib ki, bütövlükdə Azərbaycan ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzədir:

“Birbaşa iştirak etmədən öz müttəfiqləri vasitəsilə planlar cızır, daxili işlərə müdaxilə edir. Cənubi Koreya və Yaponiyanın Ermənistanı silahlarla təmin etməsinin arxasında məhz ABŞ dayanır. Odur ki, 2024-cü ilin aprelin 5-də Ermənistanın Baş naziri Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin iştirakı ilə Brüsseldə imzalanan razılaşmaların məntiqi açıq şəkildə sübut olunur. Qərbin güclənən anti-Azərbaycan siyasəti, Ermənistana iki dəfədən çox artırılan maliyyə yardımı, silahlarla təmin olunma, rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması, ABŞ-Ermənistan birgə təlimləri cızılan plana xidmət edir.

ABŞ Cənubi Qafqazda öz təsirini genişləndirmək üçün Ermənistandan tramplin kimi istifadə edir. Təhlükəli məqam odur ki, bu addım regionda gərginliyi artırmağa hesablanıb”.

Politoloq onu da qeyd edib ki, bütövlükdə, sentyabrın ikinci həftəsindən başlayaraq Qərb mediasında və siyasətçilərinin bəyanatlarında səsləndirilən fikirlər daha sərt xarakter alıb:

“Bu kəskin mesajlar sadəcə bizə deyil, Rusiyaya qarşı da tirajlanır. Belə ki, mediada rəsmi Kiyevin Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə veriləcəyi ilə bağlı fərziyyələr dolaşmağa başladı. Bütün bunların fonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Geri çəkil və ya müharibəyə hazırlaş” ultimatumu Qərbə üçüncü variant qoymur.

Qərb siyasətinin xristian səlibçiliyi yeni forma alıb. Bu forma xüsusilə COP29 ərəfəsində daha fərqli, kirli rənglərə bürünüb. Azərbaycana qarşı yönələn hərtərəfli təzyiq və təhdidlərə son qoyulmalıdır. Qarabağda əldə etdiyimiz tarixi zəfər həzm olunmalı, silahlandırılma deyil, Cənubi Qafqaza sabitlik gətirməyi vəd edən təkliflərimiz Ermənistana aşılanmalıdır”.


MANŞET XƏBƏRLƏRİ