HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən bir aydan çox vaxt keçib. Məsələ ilə bağlı İranın qəti və amansız cavab verəcəyi istiqamətində ölkə rəsmiləri müxtəlif açıqlamalar verib, yerli və xarici mediada fərqli məqalələr dərc edilsə də, rəsmi Tehran hələ də effektiv addım atmayıb. Bu kontekstdə əslində İsmayıl Haniyənin ölümünün İranın maraqlarına uyğun olduğu ilə bağlı fikirlər də formalaşamağa başladı.
MövzunuGlobalinfo.az-a şərh edən politoloq Samir Hümbətov deyib ki, İsmayıl Haniyə ilə İran arasındakı münasibətlər o qədər də isti deyildi:
“HƏMAS-ın yeni lideri Yəhya Sinvar İrana daha yaxındır. Əlaqələri yaxşıdır. İranın İsmayıl Haniyənin ölümünə görə sərt cavab verəcəyi, səbəbkarların cəzalandırılacağı ilə bağlı açıqlamaları inandırıcı deyildi. Onsuzda Tehran bu sadalanan addımları atmayacaqdı. Bəzi diplomatik məlumatlara görə, ABŞ İrandan hücum etməməyi tələb edib. Bildirilib ki, bu hücum reallaşarsa, rəsmi Vaşinqton Tehrana zərbə endirməli olacaq”.
Samir Hümbətov
Politoloqun sözlərinə görə, İran və ABŞ pərdəarxasında müttəfiqdirlər:
“Bu iki ölkə bir-birinə düşmən olduğunu göstərməyə çalışsa da, hətta İrana sanksiyalar tətbiq etsə də arxa planda ciddi əlaqə qurublar. Hətta İran-İsrail əlaqələrinin olduğu da istisna edilmir. Tərəflərə sərf etdiyi üçün bu kimi məsələlər gizli saxlanılır. Ona görə də İranın belə mövqe tutması və İsmayıl Haniyənin qanının batırılması gözlənilən idi”.