Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Məlumata görə, Putin Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan Prezident Putinə minnətdarlığını bildirib.
Tərəflər Ermənistan və Rusiya arasında gündəlikdəki ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri olduqca maraqlı idi:
“Bu bütün dünyada diqqətlə izlənildi. Səfər zamanı ikitərəfli münasibətlərdən ziyadə regional məsələlər də müzakirə edildi. Putin İlham Əliyevlə görüşdə də bildirdi ki, səfərin təfərrüatı ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanla danışacaq. Paşinyan və Putin razılığa gəliblər ki, görüşsünlər. Görünür ki, bunu şərtləndirəcək amillər var.
Düşünürəm ki, bu, Azərbaycan və Ermənistan münasibətləri barədə ola bilər. Moskva da yaxşı başa düşür ki, sülh müqaviləsinin imzalanması artıq qaçılmazdır. Qərb Ermənistanı silahlandırıb yeni müharibəyə cəlb etməklə onu tamamilə ələ keçirmək istəyir. Qərbin marağında olan tamamilə dağılmış, çökmüş və Rusiyadan incik düşmüş Ermənistandır.
Zeynal Əmirəliyev
Gürcüstan əlindən çıxdıqdan sonra Qərbin Cənubu Qafqazdakı yeni hədəfi məhz Ermənistandır. Əgər Ermənistan sülh yox, müharibə yolunu seçərsə onun üçün qurulmuş tələyə düşəcək və başqa ölkələrin boyunduruğu altına girəcək. Paşinyan hökuməti bu məsələdə ehtiyatlı olmalıdır”.
Ekspert deyib ki, Rusiya hazırda çalışır ki, münaqişə öz nəzarətində həll olunsun:
“Ancaq sülh müqaviləsi imzalamaq üçün heç bir vasitəçiyə ehtiyac yoxdur. Əsas məsələlər həll edilib, hər iki ölkənin baş nazirinin müavinlərinin başçılığı altında komissiya yaradılıb və delimitasiya prosesi ilə məşğuldurlar. Bu işdə böyük uğurlar əldə olunub. Qeyri-anklav kəndlərin məsələsi həll edilib. Hazırda sülhün əldə edilməsi üçün elə də bir önəmli problem yoxdur. Tərəflər demək olar ki, əksər məsələləri məhz bu cür, vasitəçisiz həll ediblər. Bizə bundan sonra olsa-olsa sülhü imzalamaq üçün bitərəf bir şəhər lazım olar. Rusiyanın xidməti yalnız bu ola bilər. Ermənistanın hazırkı davranışlarında mənfi çalarlar gözə dəyir.
Putin və Paşinyan görüşündən sonra İrəvanın münasibətində hansı dəyişikliyin olacağını ciddi şəkildə müşahidə etmək lazımdır. Əgər Moskva həqiqətən sülh istəyirsə Ermənistanı buna məcbur etməlidir. Kremlin bu məsələdə aktivlik göstərməsi onu göstərir ki, Rusiya nə qədər öz ərazisində müharibə etsə də Cənubi Qafqazı da əldən buraxmaq istəmir”.