Putin Bakıdan bunu istəməyə gəlir: Azərbaycan seçim qarşısında qalarsa…


Rusiya Teleqram kanalları prezident Vladimir Putinin avqustun 19-da Bakıya səfər edəcəyi haqda məlumat yayıb. Qeyd edilib ki, hazırda bu səfərə hazırlıq işləri aparılır.

Bəzi ekspertlər iddia edir ki, Putini Bakıya gətirən əsas səbəb qaz mübadiləsidir.

Vladimir Putinin Türkiyə səfərinin baş tutmaması fonunda Bakıya səfəri hansı mənaya gəlir? Səfərin məqsədi nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kreml sahibi Vladimir Putin çox az ölkəyə səfər edib:

“Putin səfərlərində daha çox qonşu ölkələrə – Belarusa, Qazaxıstana, Özbəkistana, Çinə və Şimali Koreyaya üstünlük verib. Azərbaycan Rusiyanın qonşusudur, bu baxımdan Putinin ölkəmizə səfəri mümkündür.

Hazırda iki ölkə arasındakı münasibətlərdə problem yoxdur, ticarət əlaqələri artıb, ortaq iqtisadi layihələrin reallaşması istiqamətində çalışmalar var. Putin Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə əhəmiyyət verir. Putin Azərbaycana gələrsə bu mövzunu Prezident İlham Əliyevlə müzakirə edəcək”.

Elxan Şahinoğlu

Ekspert deyib ki, Rusiya Ukraynaya qarşı müharibə səbəbindən digər ciddi problemlə üzləşib:

“Rusiya qazını Avropaya sata bilmir. Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi qazın az miqdarda Avropaya nəqlini də mümkünsüz edib. Azərbaycan öz qazını rahat şəkildə Avropaya nəql edir. Görünür, Vladimir Putin Azərbaycanın bu imkanlarından istifadə etmək istəyir. Rusiya şimal xətti ilə qazını Azərbaycana nəql edə, Azərbaycan da bu qazı mövcud boru xətləri ilə Avropa ölkələrinə çatdıra bilər. Bununla həm Rusiya, həm də Azərbaycan qazanc əldə edə bilər. Bu bir növ Rusiya-Türkiyə razılaşmasına bənzəyir.

Rusiya sanksiyalarla üzləşdikdən sonra qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya nəqlinə qərar vermişdi. Ancaq bu proses uzanır. Əsas sual başqadır: Avropa Rusiya qazını Azərbaycan üzərindən almağa hazırdırmı?

Belə bir forum ola bilər ki, Rusiya öz qazını Azərbaycana, Azərbaycan da bu qazı öz qazı kimi Avropaya sata bilər. Əgər Avropa İttifaqı buna razılaşacaqsa, bunun reallaşması mümkündür. Əks halda, Azərbaycan-Rusiya anlaşması baş tutmayacaq. Çünki Azərbaycan Rusiya qazının Avropaya satışına görə, sanksiyalarla və digər qadağalarla üzləşmək istəmir”.


MANŞET XƏBƏRLƏRİ