İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.
Bununla belə, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
Sizcə bu maddənin sülh müqaviləsinin lahiyəsindən çıxarılması sülh sazişi üçün nə dərəcədə önəmli addımdır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “Sülh sazişi ilə bağlı danışıqlarda belə məsələlər ola bilər. Bəzi maddələr var ki, əgər ikitərəfli danışıqlarda sülh prosesinin həll olunmasına maneçilik törədirsə, həmin maddələr qarşılıqlı razılaşma əsasında sülh razılaşmasından çıxarıla bilər. Bakı və İrəvan arasında olan bu razılaşma iki tərəfin də sülh prosesində istəkli olduğunun göstəricisidir. Bu bir daha onu sübut edir ki, anklav kəndlərin qaytarılması məsələsindən sonra ikinci belə bir məsələdir ki, tərəflər öz aralarında razılaşma əsasında hər hansı bir ölkə olmadan məsələni həll ediblər. Əldə olunmuş bu razılaşma sülh prosesində hər iki tərəfin həm rəsmi Bakının, həm də rəsmi İrəvanın istəkli olduğunun sübutudur. Artıq sülh müqaviləsinin imzalanması üçün uzun müddətin qalmadığını görsənir. Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam etdikcə yenə də mühüm irəliləyişlər şübhəsiz ki, əldə olunacaq. Yəni iki ölkənin arasında razılaşma əsasında əlaqələrin bərpası istiqamətində mühüm addımlar atılacaq”.
Politoloq əlavə olaraq bildirib ki, “ burada məsələnin yubanmasını istəyən xeyli sayda dövlətlər var. Məsələn, Fransanı misal çəkə bilərik, Rusiya və ABŞ-ın daxilində də xeyli qüvvələr var ki, həmin qüvvələr regionda sülh və təhlükəsizliyin qorunmasına maneçilik törətməyə çalışırlar. Əgər Paşinyan hökuməti həqiqətən sülh istəyirsə bu qüvvələrin istəyinə boyun əyməməlidir. İkitərəfli məsələlərin razılaşması yəni Azərbaycan və Ermənistan sülh müqaviləsinin əldə olunması üçün mühüm şəkildə çalışmalıdır. Belə görünür ki, bu cür razılaşmalar müsbət mesajdır. Sülh müqaviləsinin imzalanması üçün bir o qədər də uzun müddət qalmayıb. Hər iki tərəf artıq istəklidir. Əsas məsələləri deyə bilərik ki, həll ediblər və texniki məsələlər həll olunduqdan sonra, Azərbaycan və Ermənistan arasında böyük ehtimalla çox yaxında sülh müqaviləsi imzalanacaq”.
Eltac Zülfüqaroğlu/Turkustan.az