Qarabağ erməni işğalında olduğu zamanlarda İranın bu ərazilərdə qanunsuz fəaliyyətinə dair müxtəlif vaxtlarda məlumatlar yayılırdı. 44 günlük müharibədən sonra Azərbaycan bu fəaliyyətə son versə də bəzi ekspertlər Tehranın yenidən Qarabağa nüfuz etmək niyyətində olduğunu yazır. Bu dəfə din pərdəsi altında bu işi görməyə həvəslənə bilər.
Qarabağ tarixən dindar bölgə sayılır. Orda məscidlər var. Avqustun 6-da Ağdam və Zəngilan məscidlərinə də yeni axundlar təyin olundu. Bu axundların da üzərinə ciddi məsuliyyət düşür.
Azərbaycan din adı altında bəzi dairələrin hədəfində olan ölkədir. Uzun illər İranla yanaşı, FETÖ də burda şəbəkələşə bilmişdi.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu müddətdə İran həqiqətən həm Azərbaycanla münasibətdə, həm də işğal altında olan torpaqlarımızda fərqli siyasət yeridirdi:
“İran uzun illər Azərbaycanda bütün vasitələrlə öz nüfuz və maraqlarını yaymaqla məşğul olub. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilsə də din və dini kəsim ilk yerlərdən birini tuturdu. Böyük şəhər və qəsəbələrdəki axundlar, dini mühitdəki əksər nüfuzlu şəxslər birmənalı olaraq İranın apardığı siyasətin təsiri altında idilər. Bu sahədə həm qanunlarımız, həm də hüquq mühafizə orqanlarımızın fəaliyyətində bir boşluq mövcud idi. Bu da heç şübhəsiz işğal altında olan torpaqlarımız naminə məqsədyönlü şəkildə İrana qarşı çox sərt siyasət yeritmədiyimizdən qaynaqlanırdı.
Torpaqlarımız işğaldan azad edildikdən sonra isə Azərbaycanla münasibətlərə yeni prizmadan baxmağın zəruri olduğunu İranda ilk vaxtlar qəbul edə bilmədilər. Onlar yenə də köhnə siyasətlərini davam etdirərək Azərbaycanla ittiham dilində danışmağa başladılar və bununla da Azərbaycan Prezidentinin qınağına tuş gəldilər: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.
Ekspert deyib ki, artıq Azərbaycan İranla münasibətdə əvvəlki kimi güzəştli davranmaq fikrində deyil:
“Xüsusi xidmət orqanlarımız eyni zamanda İranın 30 il ərzində Azərbaycanda səpdiyi casus toxumunun kökünü kəsmək və yeni toxumların əkilməsinin qarşısını almaq istiqamətində mübarizəyə başlayıb. Qısa müddət ərzində İran xüsusi xidmət orqanlarında çalışan çox sayda Azərbaycan vətəndaşı istintaqa cəlb olundu. Cəlb olunmayanlar da günahsız olduqlarından üçün deyil, vaxtının hələ çatmadığından kənarda qalıb.
Bəlkə də bu şəxslərin “haqq yoluna” qayıtmalarına ümid edilir.
Xüsusi xidmət orqanlarımızın qarşısında duran ikinci məsələ isə İran xüsusi xidmət orqanlarının yeni şəraitdə fəaliyyətlərinin qarşısını almağa yönəlmişdi. Bu istiqamətdə ilk və çox ciddi addım İranın Ali Dini Liderinin Azərbaycandakı xüsusi nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın Azərbaycandan çıxarılması oldu. Bu adam İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsi olmuşdu. Ocaqnejad nə az, nə çox – düz 30 il Bakıda fəaliyyət göstərmiş və Azərbaycan vətəndaşlarını, xüsusilə dini kəsimin tanınmış nümayəndələrini İranla əməkdaşlığa cəlb etməklə məşğul olmuşdu. Bu illər ərzində İranın Azərbaycanda neçə səfiri dəyişib, Ocaqnejad isə “dəyişməz” qalmışdı. Çünki onun İran hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş vəzifəsi adi diplomatik fəaliyyətdən islam rejimi üçün daha önəmli idi, baxmayaraq ki, pərdələnmək naminə onun özü də diplomat statusu daşıyırdı.
Növbəti addım isə səfirlikdə müxtəlif adlar və örtük altında çalışan İran xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycandan çıxarılması oldu. Qısa müddət ərzində 10-a yaxın belə şəxs sadəcə xəbərdarlıq edildikdən sonra diplomatik tədbirlərə əl atmadan Azərbaycandan uzaqlaşdırıldı. Azərbaycanın Tehrandakı səfirliyinin məlum hadisələrdən sonra fəaliyyətini dayandırması İranın Bakıdakı səfirliyinin fəaliyyətində də məhdudiyyətlər tətbiq edilməsinə səbəb oldu. Bu eyni zamanda bizim hüquq-mühafizə və təhlükəsizlik orqanlarına İranın casus şəbəkəsinə qarşı daha ciddi mübarizə aparmağa imkan verdi. Çünki İran tərəfindən səfirlik pərdəsi altında onların fəaliyyətlərinə mane olanlar ya yox idilər, yaxud minimum həddə idilər”.
Ə.İbrahimov deyib ki, quru sərhədlərinin bağlı olması da agenturanın fəaliyyətinə ciddi şəkildə mane olub. Onun fikrincə, İranın Azərbaycana qarşı casusluq fəaliyyətinin qarşısının tamamilə alınması barədə fikir söyləmək üçün hələ tezdir:
“Məscidlərə yeni təyin olunan axund və din xadimlərinə gəlincə, onların seçilib yerləşdirilməsi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məşğul olur. Bu təşkilatın təyinat və seçim zamanı tətbiq etdiyi qaydalar xarici dövlətin nüfuz dairəsində olan şəxsin seçilməsini az qala mümkünsüz edir. Seçilən şəxslər eyni zamanda Azərbaycanda dini təhsili almış, ciddi nəzarət və yoxlamalardan keçmiş şəxslərdən ibarətdir. Onların İrana və ya hər hansı digər ölkələrə işləmək şansları sıfıra bərabərdir. Amma buna baxmayaraq müvafiq orqanlar da onları heç zaman nəzarətsiz buraxmır”.
Xatırladaq ki, İran Gürcüstanda da son illər fəallaşıb. Ə.İbrahimov bu məqamla bağlı bunları deyib:
Əlimusa İbrahimov
“Orada vəziyyət tamamilə fərqlidir. İran xüsusi xidmət orqanlarının din pərdəsi altında ora nüfuz etməsi Azərbaycandan daha geniş səciyyə alıb. Çünki Gürcüstandakı müvafiq strukturlar İranla dostluq və qonşuluq münasibətlərini əsas gətirərək bu tendensiyalara qarşı ciddi mübarizə aparmırlar. Orada islam dini xadimlərinin Gürcüstanın təhlükəsizliyinə ciddi təhdid olmadığını düşünürlər. Məhz buna görə də İrandan olan emissarlar Azərbaycanda həyata keçirmədikərini və ya keçirə bilmədiklərini belə Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində həyata keçirməyə çalışır və çox zaman buna nail olurlar.
Amma məlum olduğu qədər Azərbaycan dövləti bu istiqamətdə Gürcüstanla zəruri iş aparır və Gürcüstan müsəlmanlarından Azərbaycana qarşı istifadə etmək hallarının qarşısı vaxtında alınır”.
Politoloq qeyd edib ki, FETÖ-nun Azərbaycanda fəaliyyəti əvvəlki illərdə olduğu kimi geniş vüsət almır:
“Bunun da əsas səbəbi müvafiq dövlət qurumlarımızın bu bəlaya qarşı ciddi mübarizə aparmasıdır. Türkiyə Respublikasının müvafiq strukturları ilə birlikdə bu “fenomenə” qarşı Azərbaycanda ciddi tədbirlər görülür. Təsadüfi deyil ki, Türkiyə dövlət və siyasi xadimləri Azərbaycanın bu qrupa qarşı apardığı işi həmişə yüksək qiymətləndirib. Amma bu heç də sakit oturub gözləməyə əsas vermir. Bu gün FETÖ-nun fəaliyyəti Azərbaycanda yox səviyyəsindədirsə, bu o demək deyil ki, onlar yenidən baş qaldıra bilməzlər. Məhz ona görə də düşünürəm bu məsələ də müvafiq qurumlarımızın daim nəzarəti altındadır”.