Erməni yalanlarını İrəvanda darmadağın edən Mehrabov kimdir? – FOTOLAR


Ermənilər zaman-zaman tarixi Azərbaycan şəhəri İrəvanın gerçək mahiyyətini təhrif etməyə çalışırlar. Bu istiqamətdə təkcə abidələri məhv etmirlər, həm də arxiv sənədlərini saxtalaşdırırlar.

Turkustan.az Globalinfo.az-a istinadən xatırladır ki, hazırda Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, mədəniyyət abidələri mövcud olub. Orta əsrlər və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir.

İrəvan şəhərinin texniki Boris Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda isə şəhərdə 8 məscidin olduğunu qeyd edilir:

– Təpəbaşı
– Şəhər (Zal xan)
– Sərtib xan
– Göy məscid (Hüseynəli xan)
– Hacı Novruzəli bəy
– Qala məscidi (Abbas Mirzə məscidi)
– Dəmirbulaq (Hacı Cəfər)
– Hacı Cəfər bəy.

B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi plan

Həmin dövrdə İrəvan şəhərindəki azərbaycanca küçə adları belə idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

B.Mehrabov tərtib etdiyi siyahıda demək olar ki, şəhərdə bütün adların Azərbaycan toponimləri olduğu görünür.

Bəs Boris Mehrabov kimdir?

Boris Mehrabov (Mehrabyan) 29 may 1870-ci ildə ruhani ailəsində anadan olub. Doğum yeri ilə bağlı iki ünvan qeyd edilir: Gürcüstanın Tsalka rayonunun Quşçi kəndi və Tiflisdən 60 km aralıda yerləşən Manqlis kurortu.

Boris Mehrabov

Mehrabov ibtidai təhsilini Tiflisdə alıb. Daha sonra onun ali təhsil almaq üçün Peterburqa getdiyi deyilir, lakin adına nə Peterburq İncəsənət Akademiyasının, nə də İnşaat Mühəndisləri İnstitutunun arxivlərində rast gəlinir.

Mehrabov 1890-cı ildə Tiflisdə Rabitə Kanalları Texnikumunu bitirib. 1905-ci ildə İrəvana köçüb və Şəhər İdarəsinin tikinti şöbəsində şəhər texniki kimi işə başlayıb. 1906-1911-ci illərdə İrəvanın müfəssəl xəritəsini çəkib. Bu xəritədə İrəvandakı məscidlərin, müxtəlif obyektlərin, hamamların adları və yerləri dəqiqliyi ilə yazılıb.

Bütün bunları ümumiləşdirdikdə bir daha aydın olur ki, İrəvanın tarixi Azərbaycan torpağı olmasına dair sübutlar elə ermənilərin öz memarları tərəfindən etiraf edilir. B.Mehrabov hazırladığı planla istər-istəməz erməni yalanlarına zərbə vurub. Lakin sübutların, sənədlərin olmasına rəğmən ermənilər İrəvan şəhərinin tarixini saxtalaşdırır, onun bir neçə əsrlik abidlərini dağıdaraq Ermənistanın Qarabağda apardığı vandalizm siyasətini davam etdirir.


MANŞET XƏBƏRLƏRİ