Rus ekspertin Qarabağ iddiası aranı qatdı – “44 günlük müharibə zamanı Azərbaycan Ordusu…”


Rusiyalı ermənipərəst ekspert Stanislav Tarasov erməni mediasına geniş müsahibəsində deyib ki, rəsmi İrəvan “Qarabağ və başqa məsələlər”də Moskvaya qulaq asmadı, öz siyasətini apardı, sonra hər şeyi Rusiyanın səhvlərinə bağladı:

“Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var”.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Qarabağın işğaldan azad edilməsinə Rusiya icazə verdi” tezisi son vaxtlar tez-tez ortaya atılır:

“Ümumiyyətlə, bu tezisi dövriyyəyə buraxanların iki əsas məqsədi var:

Birincisi, Ermənistanda ciddi şəkildə anti-Rusiya təbliğatı aparılır. Bu təbliğat hakimiyyət tərəfindən dəstəklənir. Əsas arqument isə budur ki, Rusiya 44 günlük müharibə zamanı Ermənistana dəstək vermədi.

Rusiyalı rəsmilər, ekspertlər isə əks-arqument kimi deyir ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya etməsə, status-kvonu pozmasaydı, nəticə belə olmazdı.

Qabil Hüseynli

İkincisi, bəzi rus rəsmilər və ekspertlər bu tezislə Azərbaycanın əldə etdiyi tarixi zəfərə kölgə salmağa çalışır. Moskva hələ də Bakının planlarını pozması ilə barışa bilmir. Kreml güman edirdi ki, Azərbaycan ətraf rayonlarla kifayətlənəcək. Şuşa isə ümumiyyətlə plana daxil deyildi, lakin Ordumuzun hərb tarixinə düşəcək Şuşa əməliyyatı ilə şəhəri işğaldan azad etməsi Rusiyanın proqnozlarını alt-üst etdi”.

Ekspert deyib ki, Azərbaycan öz gücü və potensialı ilə torpaqlarını işğaldan azad edib:

“Müharibə 2016-cı ildə, ya da daha gec başlaya bilərdi, amma biz həm beynəlxalq vəziyyətin uyğun olmasını gözlədik, həm də Ordumuzu tam hazır vəziyyətə gətirdik.

Azərbaycanın qələbəsinə kölgə salmaq istəyənlər buna heç bir halda nail ola bilməz! Çünki reallıq, sübutlar, faktlar, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı qəhrəmanlıqlar göstərməsinə dair konkret görüntülər var. Yəni ermənipərəstlər tərəfindən verilən məlum açıqlamalar boş və mənasızdır. Rusiya olsun, ya da olmasın – biz qələbə qazanacaqdıq”.


MANŞET XƏBƏRLƏRİ