İranın Azərbaycanla bağlı qırmızı xətti – Pezeşkian dediyindən imtina edir?


İranın yeni prezidenti Məsud Pezeşkian dini lider Xameneyi və SEPAH-ın qırmızı xəttini keçməməyə çalışacaq.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Pezeşkian prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın “Hizbullah” və regionda “müqavimət hərəkatı”nı (HƏMAS, Husilər və digərləri) dəstəkləməyə davam edəcəyini bildirib:

“Pezeşkian “müqavimət hərəkatı”na dəstəyin İranın əsas siyasəti olduğunu söyləyib: “İran həmişə regionda sionist rejimə qarşı xalqların müqavimətini dəstəkləyib. Əminəm ki, bölgədəki müqavimət hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrə qarşı cinayətkar siyasətini davam etdirsin”.

İran prezidenti bu açıqlamasıyla ali dini lider və ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq. Bu əvvəldən də bəlliydi ki, Pezeşkian ilk gündən ehtiyatlı olacaq, qırmızı xətti aşmayacaq. İsraillə münasibətlər və “Hizbullah”a dəstək İran rejiminin qırmızı xəttinin bünövrəsini təşkil edir. Buna baxmayaraq, Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa İttifaqının İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var.

Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var. Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də qırmızı xətti tam keçməyəcək, amma heç olmasa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq”. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ