Əliyevin anonsunu verdiyi “Turan planı” işə düşür: “Qarabağ Bəyannaməsi”nin şifrələri


“Türk xalqlarının, dövlətlərinin birliyi, Prezident İlham Əliyevin qardaş ölkələrə səfərləri zamanı qeyd etdiyi kimi, əcdadlarımızın vəsiyyətidir. Qarabağın, Şərqi Zəngəzurun və zəfərimizi simvolu olan Şuşanın işğaldan azad edilməsi kimi, burada türk dövlətləri başçılarının iştirakı ilə zirvə görüşünün keçirilməsi mühümdür. Bu, həm də əcdadlarımızın müqəddəs vəsiyyətinə sədaqətimizin nümunəsidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti və imzalanması gözlənilən “Qarabağ Bəyannaməsi” haqda danışarkən deyib:

“Bu yerdə Azərbaycan Prezidenti 2022-ci ildə Qırğızıstana səfəri zamanı türk xalqlarının, dövlətlərinin birliyini və birgə inkişafının yol xəritəsini ifadə edən fikirlərini xatırlatmaq istəyirəm. Cənab Prezident sözügedən nitqində bildirmişdi: “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”. Zənnimcə, bu sözlər Şuşada keçirilən zirvə görüşünün mahiyyətini də dəqiqliklə ifadə edir.

Milli ləyaqət yolu ilə getməyənlərin müstəqilliyi ən yaxşı halda rəmzi xarakter daşıya bilər. Tarixi köklərimizə bağlılıq milli identikliyimizi, dəyərlərimizi qorumaqla yanaşı, bizi birləşdirən və qürursuzlar qarşısında təklənməyə qoymayan yeganə vasitədir.

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyi də sübuta yetirdi ki, imperiya ambisiyalarını saxta nəzəriyyələr və gəlişigözəl anlayışlarla pərdələyənlərin niyyəti bizi fərdlərə bölməklə assimilyasiyaya uğratmaqdır. Bir xalq və türk etnosu olaraq Yer üzərindən silinməkdən xilasın tək yolu, torpaqlarımıza, mədəniyyətimizə sahiblənməkdir. Bu axına qarşı dayanmağın yolu isə ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir!”.


Elçin Mirzəbəyli

Politoloq deyib ki, son 200 il ərzində parçalanmalara, zülmə və saysız-hesabsız məhrumiyyətlərə məruz qalan türk xalqlarının gələcəyi, istisnasız olaraq, bu həqiqəti alternativi olmayan reallıq kimi qəbul etməkdən ibarətdir:

“Türk etnosunun öz liderlərinə münasibətdə dəyərləndirmələri də məhz bu müstəvidə olmalıdır. Azərbaycan Türk Dünyasının birliyi üçün indi sadəcə ideoloji mərkəz olaraq, tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərindən inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir.

Tarixi zəfərimiz, qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran “Şuşa Bəyannamə”sinin imzalanması, Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sisteminin önəmli bir parçasına çevrilməsi Azərbaycanın, Türkiyənin və bütün qardaş ölkələrin ən böyük tarixi nailiyyətidir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu birliyin daha da möhkəmlənməsində, türk xalqlarının öz güclərinə, potensiallarına olan inamının yüksəldilməsində müstəsna rol oynayıb. Bu baxımdan, türk liderlərinin bütün Türk Dünyasının qürurlandıran Zəfərimizin rəmzi olan Şuşada bir araya gəlməsi, tamamilə təbii qəbul olunmalıdır.
Türk liderlərinin qəbul edəcəyi Qarabağ bəyannaməsi isə TDT-nin yaxın gələcək məramını nümayiş etdirəcək və birliyimizin daha da mökəmlənməsinə böyük töhfə verəcək”.


MANŞET XƏBƏRLƏRİ