Orbanın Şuşa səfəri ərəfəsində təxribat, yoxsa?... – “Avropa Birliyi Azərbaycana da yardım ayıra bilər”


Avropa Sülh Fondu tərəfindən Ermənistana 10 milyon avro məbləğində yardımın ayrılmasını nəzərdə tutan ilkin sazişə görə, vəsait batalyon üçün nəzərdə tutulmuş bir tibb məntəqəsini əhatə edəcək və müvafiq xidmətlər göstərəcək modul tipli səhra düşərgəsi yaradılacaq.

Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından olan Macarıstan isə Cənubi Qafqaz ölkələrinə münasibətdə ayrıseçkiliyin qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunmasını tələb edib. Bu ilin 30 aprelində məlum oldu ki, rəsmi Budapeşt bu məqsədlə Sülh Fondunun Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoyub.

Bu gün Ermənistan mediası diplomatik mənbələrə istinadən Macarıstanın sözügedən yardımla bağlı məhdudiyyəti aradan qaldırması barədə xəbər yayıb. Qeyd olunub ki, bu il ərzində nəzərdə tutulan 10 milyon avronun İrəvana göndərilməsi reallaşa bilər. Hətta layihənin iyulun 22-də təsdiqlənəcəyi bildirilir.

Hüquqşünas Polad Mehdiyev hesab edir ki, hələlik rəsmi təsdiqini tapmayan bu məlumatlar iki kontekstdə qiymətləndirilə bilər: “Birincisi, bu infotəxribatdır. İnformasiyanın məhz indi – Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Şuşa sammitində iştirak etmək məqsədilə Azərbaycana səfəri ərəfəsində ortaya atılması səbəbindən təxribat versiyası istisna edilməməlidir. Bu cür məlumatların dövriyyəyə buraxılması Budapeşt - Bakı münasibətlərinin etibarsızlaşdırılmasına hesablana bilər. Bu baxımdan, məsələyə ehtiyatlı yanaşmamız lazımdır”.

Hüquqşünas ikinci versiya kimi Macarıstan rəhbərliyinin Bakının maraqlarını nəzərə almaq şərti ilə bu addımı atmasını mümkün sayır: “Avropa Birliyi Macarıstanın embarqosunu geri çəkməsi üçün Azərbaycana 10 milyon avroluq yardımı fərqli formalarda etməsi ilə razılaşa bilər. Yəni yardımın minaların təmizlənməsi, yaxud digər humanitar sahələrə xərclənmək üçün ayrılması mümkündür”.

Polad Mehdiyevin sözlərinə görə, Avropa Birliyinin Ermənistana yardımın önünü açmaq üçün Azərbaycana da eyni məbləğdə yardım ayırması ehtimalı da böyükdür: “Ddigər tərəfdən, Azərbaycan siyasi və iqtisadi baxımdan rəsmi Brüssel üçün daha əhəmiyyətli tərəfdaşdır, nəinki Ermənistan. O baxımdan, Macarıstanın embarqosunu məhz Azərbaycana yardım şərtinin qəbul edildiyi halda geri götürməsi variantı daha inandırıcıdır. Prezident, cənab İlham Əliyevin milli maraqlarımızın təmin edilməsi məqsədilə həyata keçirdiyi çox vektorlu uğurlu xarici siyasəti nəticəsində qərbdə və şərqdə bir çox ölkələr Azərbaycana dost və tərəfdaş ölkələrdir. Macarıstan da o cümlədən, Avropada Azərbaycanın dostu və tərəfdaşıdır”. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ