Ermənistan konstitusiyasını dəyişir - Sülh müqaviləsi imzanalacaq?


Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir. Bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib: “Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Paşinyanın bu təşəbbüsü müsbət olsa da, zamanlama çaşqınlıq doğurur:

“Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün hal-hazırda tələb etdiyi 2 müddəadan biri Ermənistan konstitusiyası və qanunvericilik aktlarında özünə və qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması və dəyişikliklərin edilməsidir. Bu artıq ən yüksək səviyyədə Azərbaycan prezidenti tərəfindən də səsləndirilib və Blinkenlə dünənki telefon danışığında bir daha bu mövzuya toxunuldu. Ermənistan tərəfi əgər belə bir addım atacaqsa və konstitusiya dəyişikliklərinə gedəcəksə, bu müsbət bir hal ola bilər. Bu, o deməkdir ki, rəsmi İrəvan doğrudan da konstruktiv mövqeyə gələcək. Amma konstitusiya dəyişikliklərini 2026-cı ilə qədər yaymaq həm də vaxtı uzatmaq deməkdir. Bu baxımdan belə bir formun edilməsi çox da işə yaramır deyə düşünürəm”. SEO Xidməti

Politoloq konstitusiyada dəyişiklik əldə edilməsi üçün öncə Ermənistan cəmiyyətinin buna hazır olmalı olduğunu qeyd edib:

“Paşinyan və onun kamandası bildirir ki, bu konstitusiya dəyişikliyi Azərbaycanın tələbləri ilə bağlı deyil. Əslində onlar 2018-ci ildə hakimiyyətə gəldikləri dövrdən bəri bu məsələ ilə bağlı mövqe ifadə ediblər. Bu o deməkdir ki, Paşinyan bu dəyişikliklərə getmək istəyir. Amma bu dəyişikliklər arasında Azərbaycanın tələbləri öz yerini alacaqmı, bu dəqiq deyil. Digər tərəfdən bu mövzuda Ermənistan cəmiyyəti ilə iş aparılmalıdır. Çünki belə bir referenduma gedilməsi və oradan istənilən nəticənin çıxmaması Paşinyanın siyasi həyatı üçün ciddi risk daşıyır. Belə bir konstitusiya islahatı ilə bağlı referendum keçirilməsi ilə bağlı təklif müsbət olsa da, zamanlama baxımından hansı dövrü əhatə edəcəyi bizim üçün daha vacibdir”.


MANŞET XƏBƏRLƏRİ