"ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib. “Hazırda bu məsələ ilə bağlı aktiv müzakirələr gedir", o əlavə edib.
Xatırladaq ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra Vaşinqtondan Ermənistana yüksək rütbəli şəxlərin səfərləri intensivləşib. Daha əvvəl amerikalı senator Qari Pitersin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda səfərdə olub, hakimiyyət və müxalifət nümayəndələri ilə görüşüb. Sentyabrın 25-də isə ermənipərəst mövqeyi ilə məşhur olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim, habelə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer Ermənistanda olub. Onların missiyası Paşinyan hökumətinə dəstək, Qarabağdakı durumla bağlı ehtiyacları qiymətləndirməkdən ibarət olub.
Xatırladaq ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, ermənipərəst senator Bob Menendes Ermənistana iqtisadi, humanitar yardımla bağlı qanun layihəsi hazırlayıb. Layihədə İrəvana müxtəlif sahələr üzrə dəstək vermək üçün təxminən 800 milyon dollar vəsait ayrılması əksini tapıb.
Bunlarla yanaşı Vaşinqton Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağa girişib. Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ ölkənin daxili məsələsidir, oradakı vəziyyət konstitusiya çərçivəsində tənzimlənəcək. Artıq Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağda sosial, iqtisadi, humanitar vəziyyəti sabitləşdirmək üçün İşçi Qrupu yaradılıb. Onun sədri, Baş nazirin müavini Şahin Mustafayevin yaxın günlərdə Xankəndinə səfəri nəzərdə tutulub.
Rəsmi Bakının Qarabağ ermənilərinə humanitar, iqtisadi dəstəyi sürətləndirdiyi vaxtda ABŞ-ın bölgəyə “beynəlxalq nəzarət” mexanizmi yaratmaq cəhdləri nədən xəbər verir?
Politoloq Fərhad Məmmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, ABŞ BMT vasitəsi ilə regiona, Qarabağa daxil olmaq niyyətindədir: “Düşünürəm ki, öz niyyətini BMT-nin bəzi qurumları, hansıslar ki, humanitar əməliyyatlar mərkəzi, minalardan təmizləmədə ixtisaslaşmış təşkilatları, mütəxəssisləri var, onlar vasitəsi ilə həyata keçirmək istəyir”.
Ekspert xatırladır ki, Azərbaycanın mövqeyi hər zaman ölkə ərazisində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan yana olub. “Lakin onların fəaliyyəti, missiyanın məqsədi şəffaf olmalıdır. Onu həyata keçirərkən elə çərçivələr müəyyən olunmalıdır ki, sonra bu missiyanın fəaliyyəti Azərbaycana qarşı istifadə edilə bilməsin. Bu şərtlərə əməl olunsa, əlbəttə, Azərbaycan BMT ilə əməkdaşlığa bu və ya başqa formada hazırdır”, - politoloq qeyd edib.
F.Məmmədovun sözlərinə görə, əgər ABŞ bu missiyanın Ermənistan ərazisindən Qarabağa keçməsi, yaxud Laçın yolu ilə bağlı hansısa tələblər ortaya qoyacaqsa, bu, missiyanın fəaliyyətinə mənfi təsir göstərəcək.